Şriftin ölçüsü :

Saytın rəngi :

ŞƏMKİR ŞƏHƏRİNDƏ OLAN BÜTÜN BAĞÇALAR DEZİNFEKSİYA EDİLDİ

11 sentyabr 2020 | 16:00

Rayonda bu sahə ciddi nəzarətə götürüldü, tədbirlər gücləndirildi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili barədə” 2020-ci il 29 avqust tarixli Qərarına əsasən 2020-ci il sentyabrın 15-dən respublika üzrə fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinin - dövlət və özəl uşaq bağçalarının fəaliyyətinə icazə verilib.

Uşaq bağçalarının fəaliyyəti ancaq mövcud vəziyyət nəzərə alınmaqla, müvafiq sanitar-gigiyenik normalara əməl edilməklə mümkündür. Bununla əlaqədar Şəmkir Rayon İcra Hakimiyyəti tərəfindən müvafiq hazırlıq tədbirləri həyata keçirilir.

Şəmkir şəhəri ərazisində yerləşən körpələr evi-uşaq bağçasında koronavirus infeksiyasına qarşı suya xüsusi dezinfeksiyaedici maddələr qatılmış məhlulla dezinfeksiya işləri aparılıb.

Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Şəmkir şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Pərviz İbrahimov uzun müddətdir ki, pandemiya ilə əlaqədar olaraq fəaliyyətini dayandırmış Körpələr evi-uşaq bağçalarında aparılan dezinfeksiya işlərinin mövcud vəziyyəti, eyni zamanda bağçaların tam hazır vəziyyətə gətirilməsi ilə əlaqədar əraziyə yerində baxış keçirərək bağçaların əməkdaşlarını hazırkı şəraitdə işləmək qaydaları ilə bağlı təlimatlandırıb.

Otaqların havalandırılması, mətbəx və sanitar qovşaqlara diqqətin artırılması, burada mütəmadi dezinfeksiya işlərinin aparılmasının vacib olduğu bildirilib. Bundan əlavə, hər bir bağçanın girişində xüsusi dezinfeksiyaedici məhlulların qoyulması və hər gün bağçaya gələn işçi heyət və uşaqların temperaturunun ölçülməsi, tərbiyəçilərin tez-tez valideynlərlə əlaqə saxlamaları diqqətə çatdırılıb.

Şəmkir şəhərində uşaq bağçaları fəaliyyətə başladıqdan sonra xüsusi karantin rejiminin tələblərinə uyğun işləyəcək, bu müəssisələrdə sanitar-gigiyena və karantin qaydalarının tələblərinə ciddi əməl olunması Şəmkir şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlik tərəfindən mütamadi olaraq həyata keçiriləcək.

 

Keçidlər