Şəmkir şəhərində yenidənqurma işləri davam etdirilir – BU DƏFƏ DƏ RABİTƏ XƏTLƏRİ YENİLƏNİR
Şəmkir şəhərində mühüm tikinti-quruculuq və abadlıq işləri həyata keçirilir, irimiqyaslı infrastruktur layihələri icra olunur, yol-nəqliyyat infrastrukturu yaxşılaşdırılır, əhalinin kommunal xidmətlərlə, o cümlədən elektrik enerjisi, rabitə, qaz və su ilə təchizatı, səhiyyə və təhsil müəssisələrinin tikintisi və yenidən qurulması istiqamətində məqsədyönlü tədbirlər görülür.
Hal-hazırda şəhərin Tofiq İsmayılov, İsmət Qayıbov, Məmməd Əsədov, Mirzə Fətəli Axundov və Həsən Əliyev küçələrində genişmiqyaslı təmir bərpa işləri davam etdirilir.
Mərkəzi yol və səkilərə asvalt vurulur, bardürlər düzülür, su və kanalizasiya xətləri isə artıq yenidən qurularaq vətəndaşların istifadəsinə verilib.
Təmir bərpa işləri çərçivəsində rabitə xətlərinin qırılması və sıradan çıxması kimi halların qarşısını almaq üçün hava rabitə xətlərinin yarasız vəziyyətdə olan taxta dirəkləri yeni dəmir profil dirəklərlə yenilənir. Rabitə dirəklərindən və paylayıcı şkaflardan abunəçilərə xidmət göstərən nasaz xətlər isə yeni kabellərlə əvəz edilir.
Bu küçələrdə aparılan abadlıq quruculuq işləri kompleks şəkildə davam etdirilir. Yaxın günlər ərzində elektrik dirəklərinin və təbii qaz xətlərinin küçənin müasir görkəminə uyğun olaraq yenidən qurulmasına başlanılacaqdır.
Məqsədimiz şəhərimizin bütün küçələrinin memarlıq tələblərinə uyğun olaraq yenidən qurulmasına nail olmaqdır.