CARİ İLİN ALTI AYINDA ŞƏMKİRDƏ 3162 YENİ İŞ YERİ YARADILIB
Şəmkir rayonunda bu ilin altı ayında iqtisadiyyatın əsasını təşkil edən kənd təsərrüfatı, sənaye, tikinti, eləcə də nəqliyyat, rabitə, ticarət və xidmət sahələrində müsbət nəticələr qazanılıb.
Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Şəmkir rayonuna ümumilikdə 1135 layihə üçün 67 milyon 355 min 410 manat məbləğində güzəştli kredit ayrılmışdır ki, bunun nəticəsində 3805 yeni iş yeri açılmışdır. O cümlədən, 2020-ci ilin 6 ayı ərzində Fond tərəfindən 4 layihənin reallaşması üçün 66 min manat güzəştli kredit ayrılmış, nəticədə 4 yeni iş yerinin yaradılması planlaşdırılmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən verilmiş tapşırığa uyğun olaraq Şəmkir Rayonu İcra Hakimiyyətində rayon iqtisadiyyatına investisiya qoyuluşunun həcminin artırılması ilə bağlı bir sıra işlər görülmüşdür. Sahibkarlığın inkişafına yaradılmış əlverişli şərait nəticəsində 2020-ci ilin 6 ayı ərzində rayon üzrə 54 milyon 596 min 510 manat dəyərində investisiya layihələrinin həyata keçirilməsi nəzərdə tutulmuş və kənd təsərrüfatı məhsulları istehsalı və satışı, tikinti, ticarət və digər xidmət sahələrinə 23 milyon 384 min 110 manat investisiya qoyuluşu həyata keçirilmişdir. Qeyd olunan layihələrin reallaşması nəticəsində 825 yeni iş yerinin yaradılması planlaşdırılmışdır.
2020-ci ilin 6 ayı ərzində rayonda 434 milyon 415 min manatlıq (əvvəlki ildəkindən 11,4 faiz çox) ümumi məhsul buraxılmış, adambaşına düşən ümumi məhsul buraxılışının həcmi 1974 manat təşkil etmişdir.
Müvafiq olaraq 32 milyon 757 min manatlıq sənaye (əvvəlki ildəkindən 16,6 faiz çox), 275 milyon 764 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunmuş (əvvəlki ildəkindən 26,4 faiz çox), nəqliyyat və rabitə xidmətlərinin həcmi 5 milyon 88 min manat (əvvəlki ildəkindən 1,9 faiz çox), ticarət xidmətlərinin həcmi isə 70 milyon 537 min manat təşkil etmişdir.
Hesabat dövrü ərzində 3162 yeni iş yeri, o cümlədən 2603 daimi iş yeri yaradılmışdır.
2020-ci ilin 1-ci yarımili üçün 8 milyon 933 min 700 manat müəyyən edilmiş proqnoz göstəricisinə qarşı 9 milyon 941 min 200 manat vergi və tədiyyələr üzrə vəsaitin büdcəyə ödənilməsi təmin edilmiş, proqnozdan əlavə 1 milyon 7 min 500 manat əlavə vəsait büdcəyə ödənilməklə proqnoz göstəricisinə 111,3% əməl edilmişdir.