Cənab İlham Əliyev: “Mən demişəm, onlar ermənilərdən də pisdirlər”
“Bu çətin pandemiya dövründə dünyada böhran davam edir. Dünyanın 150 ölkəsi kredit üçün beynəlxalq maliyyə qurumlarına müraciət edib. Onu da bildirməliyəm ki, Azərbaycan bu siyahıda yoxdur, biz öz hesabımıza yaşayırıq. Neftin qiyməti kəskin aşağı düşür, buna baxmayaraq, biz bu işləri görürük. Budur siyasət”.
Bunu Prezident İlham Əliyev iyulun 21-də Bakıda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində deyib.
Dövlət başçısı bildirib ki, bu, bizim şəhid ailələrinə, şəhidlərin ruhuna olan hörmətimizdir: “Amma əfsuslar olsun, ölkə daxilində elələri tapılır ki, neftin qiymətinin düşməsinə sevinirlər. Buna kim sevinir? Mən demişəm, bir daha demək istəyirəm ki, qoy, Azərbaycan xalqı bunu bilsin və unutmasın. Birincisi, Ermənistan sevinir, çünki başa düşürlər ki, əgər bu tənəzzül davamlı olarsa, Azərbaycanın gəlirləri azalacaq, ona görə öz xərclərini azaldacaq, lazımi həcmdə silah-sursat ala bilməyəcək və beləliklə, zəifləyəcək və Ermənistan da bundan faydalanacaq. Buna Ermənistan sevinir, bu, təbiidir. Amma başadüşülən deyil ki, buna Azərbaycanın bəzi vətəndaşları, yaxud da ki, özlərini Azərbaycan vətəndaşı sayanlar sevinir. Bu məlumat artıq ictimailəşib. Özünü milli şura adlandıran, əslində, antimilli qruplaşma kimi fəaliyyət göstərən dəstə görün necə sevinirdi ki, neftin qiyməti 14 dollara düşüb. Bir-birinə “şad xəbər” verirlər, təbrik edirlər və bəziləri deyir ki, hələ tələsməyin, hələ düşəcək, o vaxt sevinəcəyik. Bu, nə deməkdir?! O deməkdir ki, bizim gəlirlərimiz azalacaq, lazımi sayda, həcmdə silah ala bilməyəcəyik. Özü də bu gün artıq dünya silah bazarı çox bahalı bir sahədir və hər bir silahın alınması çox böyük vəsait tələb edir, xüsusilə müasir dövrdə. Bu gün, əgər belə demək mümkündürsə, ağıllı silahlar üstünlüyü təmin edir. O silahlar ki, onların qiyməti çox bahadır və biz onları alırıq, alacağıq. Bizim imkanımız olmasa, onları ala biləcəyikmi? Yəni, bu gün özünü müxalifət adlandıran bu mənfur dəstə nə istəyir? İstəyir ki, Azərbaycan onların dövründəki kimi Ermənistan qarşısında aciz qalsın, gücsüz qalsın, silahsız qalsın”.
Prezident qeyd edib ki, onlar Azərbaycanı torpaqlar əldən gedən dövrdəki hala salmaq istəyirlər: “Ona görə Azərbaycan xalqı hər şeyi bilməlidir. Mən deyəndə ki, bu, düşmənçilikdir, bu, müxalifətçilik deyil, - müxalifətçilik dövlətə qarşı ola bilməz, - mən tam haqlıyam. Bizi yenə də o qara günlərə qaytarmaq istəyirlər. O günlərə ki, biz o vaxt torpaqlarımızı itirmişik, məhz Azərbaycan Xalq Cəbhəsinin mənfur hakimiyyətinin yarıtmaz fəaliyyəti, satqınlığı nəticəsində torpaqlarımızı itirmişik. Onların hakimiyyət uğrunda gedən mübarizəsi nəticəsində torpaqlarımızı itirmişik. O vaxt torpaqlar əldən gedirdi, amma Azərbaycan Xalq Cəbhəsi burada vətəndaş müharibəsinə start vermişdi, qardaş qanı axıdılırdı. Ermənilər bizim şəhərlərimizi bombalayırdılar, şəhərlərimizi tuturdular, Kəlbəcəri işğal etmişdilər, onlar isə Gəncəni bombalayırdılar, öz şəhərlərini bombalayırdılar, Azərbaycan əsgərlərini əsir götürmüşdülər. Bu, xəyanət deyil, bəs nədir?! Şuşa kimi alınmaz qalanı ermənilərə satan satqınlar xəyanətkar deyil, bəs nədir?! Siz bunları yaxşı bilirsiniz. Məhz o dövrdə siz yaxınlarınızı itirmisiniz, öz sağlamlığınızı itirmisiniz, hər şeyi yaxşı xatırlayırsınız, o qara günləri xatırlayırsınız. Əgər Heydər Əliyev hakimiyyətə gəlməsəydi, bu gün Azərbaycan müstəqil ölkə kimi qalacaqdı-qalmayacaqdı, bu, hələ böyük sualdır. Amma bizi yenə də o dövrə qaytarmaq istəyirlər. Bax, budur neftin qiymətinin düşməsinə sevinənlər. Mən demişəm, onlar ermənilərdən də pisdirlər”.