Şriftin ölçüsü :

Saytın rəngi :

Prezident Cənab İlham Əliyev: “Biz öz doğma torpaqlarımıza qayıdacağıq”

24 iyul 2020 | 16:00

Bu gün Azərbaycan həm beynəlxalq müstəvidə, həm ölkə daxilində, həm mənfur qonşu ilə mübarizədə çox böyük bir gücə çevrilib. Bunu biz yaratmışıq, Azərbaycan xalqı yaradıb. Azərbaycan xalqı tam əmin ola bilər ki, Azərbaycanın müstəqilliyi, azadlığı, insanların rifahı və ölkəmizin güclənməsi daim diqqət mərkəzində olacaq.

Bu fikirləri Prezident İlham Əliyev Bakının Xətai rayonunda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimindəki çıxışında söyləyib.

Bizim üçün bir nömrəli milli məsələnin - Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli olduğunu qeyd edən dövlətimizin başçısı deyib: “Mən bu məsələ ilə bağlı öz fikirlərimi dəfələrlə demişəm - beynəlxalq təşkilatlarda, beynəlxalq kürsülərdən, ölkə daxilində. Çox da təkrarlamaq istəmirəm, amma bir şeyi istəyirəm Azərbaycan xalqı bilsin ki, bu, milli məsələdir. Biz bu məsələni elə həll etməliyik ki, bu həll Azərbaycan xalqını tam təmin etsin. Hər hansı bir yarımçıq həll bizə lazım deyil. Çünki bu, müvəqqəti olacaq. Yarımçıq, sadəcə, mərhələ ola bilər. Ancaq məsələnin həlli tam olmalıdır. Azərbaycanın suverenliyi, ərazi bütövlüyü tam təmin edilməlidir. İşğal edilmiş bütün torpaqlar istisnasız azad edilməlidir. Azərbaycan vətəndaşları işğal edilmiş bütün torpaqlara, o cümlədən Şuşaya qayıtmalıdır. Budur mənim siyasətim və bu, siyasətimin bir hissəsidir, o hissəsi ki, bu haqda hələ ki, açıq danışmaq olar”.

Ölkəmizin ərazi bütövlüyünün danışıqlar predmeti olmadığını və olmayacağını vurğulayan dövlətimizin başçısı deyib ki, biz öz doğma torpaqlarımıza qayıtmalıyıq və qayıdacağıq. İnşallah, ondan sonra orada sizinlə bir yerdə görüşüb bu günləri də xatırlayacağıq.

Keçidlər