"Ermənistanın qlobal atəşkəs təşəbbüsünü dəstəkləməsi riyakarlıqdan başqa bir şey deyildi"
Azərbaycan Respublikası Prezideni cənab İlham Əliyevin dünyanın 130-dan ölkəsi tərəfindən BMT Baş Assambleyasının COVİD-19 pandemiyasına qarşı videokonfrans vasitəsilə dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyasının keçirilməsi təşəbbüsünün əleyhinə çıxan yeganə ölkə Ermənistan olmuşdur. Bu bir daha həm mənəvi cılızlığı, həm də Ermənistanda Azərbaycanafobiyanın hansı həddə çatdığını göstərir;
Ölkədaxili problemlərdən və xarici siyasətdə iflasdan diqqəti yayındırmaq məqsədilə Ermənistan belə bir avantüraya getmişdir.
Ermənistan tərəfindən sərhəddə törədilmiş təxribat onu göstərir ki, rəsmi Yerevan Ermənistan-Azərbaycan münaqişəsinin danışıqlar yolu ilə həllində maraqlı deyil və məqsədi Azərbaycan ərazilərini işğalda saxlamaqdan ibarətdir.
Ermənistan uzun müddətdir ki, belə hərbi avantüralar yolu ilə üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etməyə, Azərbaycana qarşı törətdiyi işğal və təcavüzün məsuliyyətindən boyun qaçırmağa çalışır.
Azərbaycanın Ermənistan istisna olmaqla bütün KTMT ölkələri ilə dostluq münasibətləri vardır. Əminik ki, KTMT ölkələri Ermənistanın məkrli niyyətini yaxşı başa düşürlər.
Dünyanın COVİD-19-a qarşı mübarizə apardığı şəraitdə Ermənistan tərəfindən bu hücum və təxribat əməlinin törədilməsi bir daha sübut edir ki, Ermənistanın BMT Baş katibinin COVİD-19 ilə əlaqədar qlobal atəşkəs təşəbbüsünü dəstəkləməsi riyakarlıqdan başqa bir şey deyildir.