"Beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycana qarşı təxribat əməllərini kəskin şəkildə pisləməlidir"
Dünən Ermənistan silahlı qüvvələri mövqelərimizi ələ keçirmək məqsədilə döyüş xəttində təxribat törədiblər. Azərbaycan Ordusunun həyata keçirdiyi əks-tədbirlər nəticəsində düşmən geri oturdulub və onun canlı qüvvəsinə və hərbi texnikasına ciddi zərbə vurulub.
Ermənistan silahlı qüvvələrinin təxribatı bir neçə səbəblə bağlıdır. Əvvəla, Azərbaycanın regionda və dünyada artan nüfuzu, bu nüfuzun fonunda isə beynəlxalq təşkilatların daha da təkidlə və aydın şəkildə Ermənistanı işğalçı adlandırması vandal təxəyyüllü düşmənlərimizdə yeni qıcıq yaradıb.
Eyni zamanda pandemiya dövründə Paşinyan və onun hakimiyyətinin böhran vəziyyətində olmasını göstərib. Bildirib ki, bu ölkədə iqtidar əməlli-başlı çöküb, həm siyasi, həm də iqtisadi sahədə. Belə olan halda isə Paşinyan düşünüb ki, cəbhə bölgəsində təxribat törətməklə ictimai fikri yayındırmaq olar. Amma yenə yanılıb. Növbəti dəfə Azərbaycan Ordusunun gücünü hesablaya, proqnozlaşdıra bilməyib.
Dünən gün ərzində baş verən proseslər də bir daha göstərdi ki, Azərbaycan Silahlı Qüvvələri istənilən təxribatın qarşısını almağa qadirdir. Qısamüddətli döyüşdə erməni hücumu nəinki dəf edildi, hətta yağı düşmənin yetərincə hərbi texnikası və canlı qüvvəsi məhv edildi.
Fakt budur ki, dünəndən etibarən erməni qüvvələri yetərincə itki verib. Qeyri-rəsmi məlumatlara görə, elə ancaq erməni ordusunun 30-dan çox əsgəri məhv edilib. Bu isə onların növbəti fiaskolarıdır.
Azərbaycanın şanlı ordusu peşəkardır, qüdrətlidir. Bizim əzəli torpaqlarımız onsuz da geri qaytarılacaq. Azərbaycanın ərazi bütövlüyü mütləq bərpa olunacaq. Sadəcə, Ermənistan indi saman çöpü axtarışındadır, eyforiyadadır. Təcavüzkar ölkə anlayır ki, işğal etdiyi torpaqları geri qaytarmağa məhkumdur. Ona görə də belə mənasız provokasiyalara əl atır və suyu növbəti dəfə bulandırmağa çalışır. Amma istəyinə nail ola bilməyəcək.
Beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycana qarşı təxribat əməllərini kəskin şəkildə pisləməlidir.