DÜŞMƏNƏ ÖZ YERİNİ GÖSTƏRƏN RƏŞADƏTLİ AZƏRBAYCAN ORDUSU
"Bəzi sosial şəbəkə istifadəçilərinin silaha sarılmaq və cəbhə bölgəsinə getmək çağırışları, ayrı-ayrı şəxslərin cəbhə xəttinə yürüş təşkil etmək cəhdləri yolverilməz və qəbulolunmazdır"
Növbəti dəfə uğursuzluqla üzləşən Ermənistan hakimiyyəti indi də məsələnin mahiyyətini gizlətməyə, yalan məlumatlarla beynəlxalq və yerli ictimaiyyəti çaşdırmağa çalışır. Ermənistan hakimiyyətinin uydurmaları, ölənlər haqqında məlumatları gizlətməsi Ermənistan ictimaiyyətində ciddi narazılıq doğurub. Ermənistanda etiraz aksiyalarına başlanılıb, fəallar sosial şəbəkələrdə Ermənistan hakimiyyətini ciddi tənqid edirlər.
Ermənistanı hakimiyyətinin guya Azərbaycan hərbi bölmələrinin mövqeyini ələ keçirməsi, yeni yüksəkliklər əldə etməsi barədə iddialar yalan və dezinformasiyadan başqa bir şey deyil. Hətta bu ölkənin ictimaiyyəti, fəal sosial şəbəkə istifadəçiləri belə bu kimi iddiaları ironiya ilə qarşılayırlar.
İyulun 12-də baş vermiş hadisə Azərbaycan ictimaiyyəti tərəfindən hiddətlə qarşılandı. Sosial şəbəkələrdə hərbi əməliyyatlara başlamaq, sıravi vətəndaşların toplanaraq cəbhə bölgəsinə getmək, silaha sarılaraq torpaqlarımızı işğaldan azad etmək kimi çağırışlar səsləndi.
Bu, bir tərəfdən Azərbaycan cəmiyyətinə vətənpərvərlik hissinin yüksək səviyyədə olduğunu nümayiş etdirdi. Lakin indi 1990-cı illərin əvvəlləri deyil ki, nizami ordu olmadığına görə, vətəndaşlar öz gücünə torpaqlarımızı müdafiə etmək məcburiyyətində qalsınlar.
Arzuolunmaz xaotik təşəbbüslər yalnız düşmənlərimizi sevindirə, ölkəmiz, silahlı qüvvələrimiz haqqında uydurmalarını daha da genişləndirməyə imkan yarada bilər.
Buna görə də bəzi sosial şəbəkə istifadəçilərinin silaha sarılmaq və cəbhə bölgəsinə getmək çağırışları, ayrı-ayrı şəxslərin cəbhə xəttinə yürüş təşkil etmək cəhdləri yolverilməz və qəbulolunmazdır.
Bu gün Azərbaycan güclü orduya malikdir və Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə qarşısına qoyulan istənilən vəzifəni yerinə yetirməyə, o cümlədən torpaqlarımızı işğaldan azad etməyə hazırdır və buna qadirdir.