Prezident: “Döymədikləri qapı qalmayıb ki, onlara yardım etsinlər”
Yenə də dilənə-dilənə, yalvara-yalvara, oradan-buradan hansısa yardım hesabına yaşamağa çalışırlar.
Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 6-da Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və “Xəzər” Televiziyasına müsahibəsində bildirib.
Dövlət başçısı qeyd edib: "Mən dəfələrlə demişəm ki, biz müstəqil siyasət aparırıq və bizim siyasətimizə heç bir kənar qüvvə təsir edə bilməz. Müxtəlif məqamlarda bunu dəfələrlə nümayiş etdirmişik. Ona görə bu gün Azərbaycana olan rəğbət doğrudan da ən yüksək səviyyədədir. Biz doqquz il bundan əvvəl 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına üzv seçilmişik. Bildirməliyəm ki, o vaxt bizdən əvvəl Ermənistan namizədliyini vermişdi. Ancaq görəndə ki, biz namizədliyimizi verdik, bizim qarşımızda aciz olduqlarını başa düşdülər və namizədliklərini sakitcə geri götürdülər - yəni, o diplomatik döyüş arenasından qaçdılar. Ondan beş il sonra döyüş meydanından qaçdılar və beləliklə, Azərbaycan işğal edilmiş torpaqların bir hissəsini işğalçılardan azad etdi. Ona görə bu, 10 ildən sonra yenidən bizə verilən böyük beynəlxalq dəstəkdir. Mən öz ölkəmizi heç kimlə müqayisə etmək istəmirəm. Amma hesab etmirəm ki, bir çox ölkələr BMT–də bu qədər dəstək qazana bilər. Bu, yenə də bizim dürüstlüyümüzün, sözümüzə əməl etməyimizin nəticəsidir.