Dövlət başçısı: “Biz hər bir vəziyyətə hazır olmalıyıq”
Modul tipli xəstəxanaların tez bir zamanda inşa edilməsi onu göstərir ki, biz hətta seytnot vəziyyətdə lazımi addımları ata bilərik.
Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 6-da Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və “Xəzər” Televiziyasına müsahibəsində bildirib.
Dövlət başçısı deyib ki, modul tipli xəstəxana ilə bağlı təəssüratlar çox müsbətdir.
"Əsas odur ki, bu xəstəxana çox qısa müddət ərzində ərsəyə gəlib və burada 800 xəstənin yerləşməsi nəzərdə tutulur. Nəzərə alsaq ki, COVID xəstələrinin sayı artmaqdadır, bizə əlavə çarpayılar lazımdır və bu istiqamətdə işlər aparılır.
Bu xəstəxanada bütün lazımi şərait yaradılıbdır. Palatalar, laboratoriya, diaqnostika mərkəzi, həkimlər üçün yaxşı şərait vardır. Ən önəmlisi odur ki, bu xəstəxana 800 çarpayılıqdır. Bu ərazidə təqribən bir ay-ay yarım ərzində yeni xəstəxana inşa ediləcək. O da modul tipli xəstəxana olacaq. Orada çarpayıların sayı 1300-ə qədərdir. Yəni, təqribən iki ay ərzində biz 2 mindən çox xəstəni yerləşdirə biləcəyik. Beləliklə, xəstəliklə mübarizədə bizim əlavə imkanlarımız olacaqdır.
Gələcəkdə də əlavə belə tibb ocaqlarının yaradılması, inşası nəzərdə tutulur. Bildiyiniz kimi, modul tipli 5 xəstəxana artıq fəaliyyətdədir. Bu xəstəxanaların tez bir zamanda inşa edilməsi onu göstərir ki, biz hətta seytnot vəziyyətdə lazımi addımları ata bilərik. Bildiyiniz kimi, heç bir ölkə bu pandemiyaya hazır deyildi. Bizim mövcud çarpayıların sayı adi rejimə hesablanmışdı. Ona görə, modul tipli xəstəxanaların tikintisi zəruri idi və biz bunu etdik. Bildiyiniz kimi, ikisi Bakıda, biri Sumqayıtda, biri Gəncədə, biri Abşeron rayonunda artıq fəaliyyətdədir və beşinin də tikintisi gedir. Hesab edirdik ki, on xəstəxana bizə kifayət edəcək. Ancaq görürük ki, əlavə xəstəxanalara ehtiyac olacaq. Ona görə, mən bu yaxınlarda göstəriş verdim ki, əlavə on modul tipli xəstəxana sifariş olunsun, onların yerləri müəyyən edilsin və biz ən kritik vəziyyətə hazır olmalıyıq. Əslində, modul tipli bu on xəstəxananın tikintisi ilə bağlı qərarı biz o vaxt vermişdik ki, xəstəliyin yayılması o qədər də geniş vüsət almamışdı. Həmin qərar aprel ayında verilmişdi, o vaxt gündə təqribən 30, 40, 50, 60 insan xəstələnirdi. Əlbəttə, qabaqlayıcı tədbirlərin görülməsi zəruri idi. Ancaq biz təxmin edə bilməzdik ki, xəstəlik necə inkişaf edəcək. Lakin ehtimal var idi və dünyada gedən proseslər onu göstərirdi ki, xəstələrin sayı arta bilər. Belə olan halda biz çıxılmaz vəziyyətdə qalar, bu xəstələri harada yerləşdirərdik? Ona görə o vaxt bu qərarın qəbul edilməsi düzgün addım idi. Bu gün yenə də modul tipli əlavə on xəstəxananın tikilməsi barədə qərar gələcəyə hesablanır.
Ümumiyyətlə hazırda ölkəmizin 45 xəstəxanasında koronavirus xəstələri müalicə alırlar. Onu da bildirməliyəm ki, bu xəstəxanaların 36-sı mənim sərəncamımla son müddət ərzində inşa edilibdir. Təsəvvür etmək çətin deyil ki, əgər bu xəstəxanalar tikilməsəydi, indi biz hansı problemlərlə üzləşə bilərdik. Beləliklə, bu gün bizim hələ ki, kifayət qədər boş çarpayılarımız var. Ancaq biz hər bir vəziyyətə hazır olmalıyıq.
Bildirməliyəm ki, bu il istifadəyə verilmiş “Yeni klinika”da hazırda 350 xəstə müalicə alır. Biz qısa müddət ərzində orada çarpayıların sayını 700-750-yə çatdıracağıq. Ona görə hesablamaq çətin deyil ki, əgər buna ehtiyac yaranarsa, biz qısa müddət ərzində 5 mindən çox xəstəni yerləşdirə biləcəyik - yəni, xəstəxanalarda 2100, modul tipli 15 xəstəxanada 3 min, “Yeni klinika”da əlavə 350", - deyə Prezident qeyd edib.