Şriftin ölçüsü :

Saytın rəngi :

"Bu çətin şəraitdə Azərbaycan sadəcə öz problemlərini həll etmir, eyni zamanda başqa dövlətlərə də yardım edir"

11 iyun 2020 | 16:00

Prezident Cənab İlham Əliyev: "Özəl sektorun bu işlərdə fəal rolunu dəstəkləyirəm"

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə üç modul tipli xəstəxananın açılışı olub.

Açılış mərasimində dövlətimizin başçısı ölkəmizin karonavirusla mübarizə çərçivəsində beynəlxlq təşkilatlara və çətin durumda olan dövlətlərə humanitar yardımlarından da danışıb:

"Biz yaxşı xatırlayırıq ki, pandemiyanın ilkin dövründə bəzi ölkələr özlərinə qapandılar. Bəzi ölkələr humanitar məsələlərdə də özlərini elə apardılar ki, sonra yəqin utandılar. Bəzi ölkələr təşviş içində idi. Biz bəzən vəsaitlə aldığımız tibbi avadanlığı gətirməkdə çətinlik çəkirdik. Ona görə indiki şəraitdə hesab edirəm ki, dünya birliyi vahid mövqedən çıxış etməlidir. Bununla paralel olaraq, biz fərdi qaydada 14 ölkəyə humanitar yardım göstərdik. O ölkələr ki, buna onların ehtiyacı var və bizə müraciət etmişdilər. Eyni zamanda, biz Ümumdünya Səhiyyə Təşkilatı xətti ilə əlavə 15 ölkəyə humanitar yardım göstəririk. İndi bu proses gedir. Bu 15 ölkə Qoşulmama Hərəkatına üzv olan ölkələrdir. Ölkələrin siyahısı Ümumdünya Səhiyyə Təşkilatı və Azərbaycan tərəfindən razılaşdırılıb. Burada əsas meyar ən çox ehtiyacı olan ölkələrdir.

Bildiyiniz kimi, Ümumdünya Səhiyyə Təşkilatına Azərbaycan fərdi qaydada iki dəfə ianə veribdir və beləliklə, Azərbaycan beynəlxalq təşkilat vasitəsilə 29 ölkəyə humanitar yardım göstərib. Mən indi bu məsələ ilə bağlı dünyada gedən prosesləri, mənzərəni izləyirəm və tam məsuliyyətlə deyə bilərəm ki, pandemiya dövründə ən çox humanitar yardım göstərən ölkələrdən biri Azərbaycandır. Bax, budur bizim ölkəmiz, budur müstəqilliyimizin üstünlükləri. Kimin ağlına gələ bilərdi ki, Azərbaycan bu bəla ilə təkbaşına, bu cür, belə məharətlə, peşəkarlıqla, təmkinlə, ləyaqətlə bacara bilsin. Hələ bəlkə 10 il, 20 il bundan əvvəl kimin ağlına gələrdi ki, Azərbaycan 30-a yaxın ölkəyə humanitar yardım göstərə bilər. O dövrdəki bəzi ölkələr indi o biri ölkələrə çatacaq humanitar yardımı da özlərinə, necə deyərlər, götürmüşdülər. Ona görə biz həm ölkə daxilində, həm beynəlxalq müstəvidə düzgün, ləyaqətli siyasət aparırıq. Ona görə bizə olan rəğbət və hörmət gündən-günə artır.

Bütün bu məsələlərlə yanaşı, bir daha bundan sonrakı dövrə qayıtmaq istəyirəm. Azərbaycan vətəndaşları bizim bütün addımlarımızı dəstəkləyirlər".

Keçidlər