Şriftin ölçüsü :

Saytın rəngi :

2012 - ci ilin doqquz ayının sosial- iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş tədbir keçirilmişdir

17 oktyabr 2012 | 15:00

16 oktyabr 2012-ci il tarixdə Şəmkir rayon
ictimaiyyətinin toplantısında Azərbaycan
Respublikasının Prezidenti cənab Ilham
Əliyevin sədrliyi ilə Nazirlər kabinetinin
2012 - ci ilin doqquz ayının sosial- iqtisadi
inkişafının yekunlarına və qarşıda duran
vəzifələrə həsr olunmuş iclasındakı
nitqi ilə əlaqədar Şəmkir Rayon İcra Hakimiyyətinin Başçısı
cənab N.V.Veysovun
MƏRUZƏSİ:


Hörmətli yığıncaq iştirakçıları!

Bildiyiniz kimi, 2012-ci il oktyabr ayının 10-da Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclası keçirilmişdir.
Ölkəmizdə ötən illər ərzində qazanılan uğurlar 2012-ci ilin doqquz ayında davam etdirilmiş, il ərzində ölkə qarşısında duran əsas sosial və iqtisadi məsələlər öz həllini tapmış, bütün proqramlar uğurla icra olunmuşdur.
Respublika üzrə ümumi daxili məhsul istehsalı 1,1 faiz artmışdır.
Azərbaycanın iqtisadiyyatında qeyri-neft sektorunun inkişafında əhəmiyyətli nəticə əldə olunmuş və bu sahədə artım 10,3 faiz təşkil etmişdir.
Doqquz ayda kənd təsərrüfatı məhsulları 6,3 faiz, əhalinin pul gəlirləri 12 faiz artmışdır.
Sosial məsələlərin həlli diqqət mərkəzində saxlanılmışdır. Respublika vətəndaşlarının keçmiş SSRİ-nin əmanət banklarına qoyulmuş vəsaitlərinin ödənilməsi üçün dövlət büdcəsindən 366 milyon manat pul ödənilmişdir.
Respublikamızda orta aylıq əmək haqqı 500 dollara, orta pensiya 190 dollara çatmışdır.
İlin əvvəlindən 94 min yeni iş yeri açılmışdır ki, onlardan 73 mini daimi iş yeridir.
188 məktəb və əlavə korpuslar tikilmiş, 103 məktəb əsaslı təmir edilmişdir.
Azərbaycan İdmançıları Olimpiya oyunlarında böyük nəticələr qazanmışlar. 204 ölkənin idmançılarının iştirakı ilə Böyük Britaniyanın paytaxtı London şəhərində keçirilən Olimpiya oyunlarında idmançılarımız 30-cu yeri tutmuşlar.
“Evrovision” mahnı müsabiqəsi yüksək səviyyədə təşkil olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində ölkəmizin beynəlxalq aləmdə nüfuzu daha da artmışdır.
Azərbaycan Respublikası Birləşmiş Millətlər Təşkilatının daimi üzvü kimi may ayında Təhlükəsizlik Şurasına sədrlik etmişdir.
Nazirlər Kabinetinin iclasında Respublikamızın İqtisadiyyatının inkişafına dair konkret vəzifələr müəyyənləşdirilmişdir.
Hörmətli yığıncaq iştirakçıları!
2012-ci ilin doqquz ayında Şəmkir rayonunda iqtisadiyyatın bütün sahələrində artım əldə olunmuşdur.
Ötən ilin eyni dövrü ilə müqayisədə ümumi məhsul buraxılışının həcmi 14.6 faiz artaraq 348 milyon 602 min manat təşkil etmişdir.
Kənd təsərrüfatı məhsullarının həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4.3 faiz artmışdır.
Adambaşına düşən ümumi məhsul buraxılışı 13.3 faiz artaraq 1735 manat olmuşdur.
79 milyon 895 min manatlıq tikinti-quraşdırma işləri görülmüşdür. Ötən ilin eyni dövrü ilə müqayisədə tikinti-quraşdırma işlərinin həcmi 88,9 faiz, pullu xidmətlərin həcmi 9,5 faiz, əmtəə dövriyyəsinin həcmi 5,6 faiz artmışdır.
İkinci Dövlət Proqramı qəbul edildiyi vaxtdan, 2009-cu ildən hal-hazıradək rayonda 9976 iş yeri açılmışdır , bundan 2624-ü daimi iş yeri olmuşdur. 2012-ci ilin doqquz ayında rayon üzrə 3710 iş yeri açılmışdır, bundan 518-i daimi iş yeri olmuşdur.
2012-ci ilin doqquz ayında 12627 nəfərə, yəni 2708 ailəyə ünvanlı sosial yardım verilmişdir.
Rayonun sosial-iqtisadi inkişafında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2009-cu il 14 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş“Azərbaycan Respublikası Regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı "Dövlət Proqramı"nda Şəmkir rayonu üçün nəzərdə tutulmuş tədbirlərin icrası mühüm əhəmiyyət kəsb edir.
Dövlət Proqramında Şəmkir rayonu üçün nəzərdə tutulmuş 17 tədbirin icrası istiqamətində tədbirlər davam etdirilir.
Respublikamızda həyata keçirilən ən böyük layihələrdən biri olan Şəmkirçay dəryaçasının tikintisi davam etdirilir.
Ümumi su tutumu 175 milyon kub metr, bəndinin hündürlüyü 190 metr olacaq bu dəryaçanın tikintisi başa çatdıqdan sonra Şəmkir, Goranboy, Samux və Göy-Göl rayonlarında 75 min hektar, o cümlədən Şəmkir rayonunda 41 min hektar torpaq sahəsi suvarma suyu ilə təmin olunacaq. Dəryaçanın tikintisi zamanı qurulacaq 6 ədəd hidroturbin vasitəsilə 49 meqovat elektrik enerjisi istehsal olunacaqdır.
Şəmkir dəryaçasından sağ və sol sahil kanallarının çəkilişi davam edir. Hər bir kanalın qarşısında 5 meqavat gücündə hidroturbin quraşdırılacaqdır.
Hazırda dəryaçadan Gəncə, Şəmkir və Samux şəhərlərinə içməli su xəttinin çəkilişi davam etdirilir.
Şəmkir rayonunda sənaye məhsullarının əsas hissəsi istehsal gücü 380 meqavat olan Şəmkir Su Elektrik stansiyası və istehsal gücü 150 meqavat olan Yenikənd Su Elektrik Stansiyasında istehsal olunur. 2012-ci ilin 9 ayı ərzində Şəmkir SES üzrə planda nəzərdə tutulmuş 528, 5 milyon kilovat saat əvəzinə 549,5 milyon kilovat saat elektrik enerjisi istehsal edilərək plana 104 faiz əməl edilmişdir. Yenikənd SES üzrə 228,5 milyon kilovat saata qarşı, 234,8 milyon kilovat saat elektrik enerjisi istehsal edilərək plana 102,8 faiz əməl edilmişdir.
Bütövlükdə Şəmkir Su Elektrik Stansiyaları Sisliləsi üzrə planda nəzərdə tutulmuş 757 milyon kilovat saat əvəzinə 768,6 milyon kilovat saat elektrik enerjisi istehsal edilərək tapşırığa 101,5 faiz əməl olunmuşdur.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 2011-ci il tarixli 194 nömrəli sərəncamı ilə Şəmkir şəhərinin içməli su xəttinin çəkilişinə və kanalizasiya sisteminin yenidən qurulmasına başlanılmışdır.
Hazırda “Azərsu” tərəfindən şəhərin içməli su təchizatı sisteminin yenidən qurulması işləri davam etdirilir. Sərxan massivində ümumi su tutumu 9 min kub metr olan 4 su anbarının tikintisi başa çatdırılmışdır.
Bundan başqa Şəmkirçay dəryaçasından gələn suyu qəbul etmək üçün Şəmkir şəhərində su tutumu 3 min kub metr olan anbarın tikintisi nəzərdə tutulmuşdur.
“Akkord” şirkəti tərəfindən Şəmkir şəhərinə içməli su xəttinin və şəhərin kanalizasiya xətlərinin çəkilişi davam edir.
Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2012-ci il tarixli sərəncamına uyğun olaraq Bakı-Qazax magistral avtomobil yolundan Kür qəsəbəsinə gedən 12 km-lik yolun tikintisinə 3 (üç) milyon manat vəsait ayrılmışdır. “Gəncə Körpü Tikinti-2” Açıq Səhmdar Cəmiyyəti tərəfindən yolun əsaslı təmiri başa çatdırılmışdır.
Bipi şirkətinin köməyi ilə Qaracəmirli-Təzəkənd kəndi arasında 8 km-lik yol yenidən tikilmişdir.
Rayonda 392 fərdi yaşayış evi tikilmişdir. Qeyd etməliyəm ki, fərdi yaşayış evi tikintisi keçən ilin müvafiq dövrü ilə müqayisədə 1,6 faiz artmışdır. Bu da əhalinin rifah halının günü-gündən yaxşılaşdığını sübut edir.
Rayonda geniş quruculuq və abadlıq işləri aparılır.
Şəmkir şəhərində Heydər Əliyev Mərkəzinin yeni binasının, gənclər evinin və bayraq meydanının, beş mərtəbəli mehmanxana binasının, Bakı Oksford məktəbinin uşaq bağçasının və abidələr parkının tikintisi davam etdirilir. Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 36 mənzilli binanın tikintisi başa çatmaq üzrədir.
Rayonda 1909-cu ildə tikilmiş Alman kilsəsinin əsaslı təmiri və bərpası davam etdirilir.
Şəhərin mərkəzində yaşayış evlərinin divarlarının müasir üslübda təmiri davam etdirilir. Küçələrdən keçən qaz xətlərinin yerin altına salınması işlərinə başlanılmışdır.
Dəllər qəsəbəsində Bakı-Oksford məktəbinin yataqxana binasının tikintisi başa çatmaq üzrədir.
Rayonun təhsil sistemində irəliləyişlər əldə olunmuşdur.
2011-2012-ci tədris ilində rayonun ümumtəhsil məktəblərinin 9-cu sinfini bitirmiş 3154 nəfər şagirddən 2059 nəfəri şəhadətnamə, 11-ci sinifləri bitirmiş 2201 nəfər şagirddən 1835 nəfəri (83 faiz) orta təhsil haqqında attestat almışdır. Ali məktəblərə qəbul üçün 863 nəfər məzun sənəd vermişlər.
Rayonda orta məktəbi bitirmiş şagirdlərdən 468 nəfəri respublikanın ali məktəblərinə qəbul olunmuşdur. Onlardan 14 nəfəri 600-dən, 40 nəfəri 500-dən çox bal toplamışlar.
Təhsil sahəsində əldə olunmuş nailiyyətlərdən biri də Ə.Cavad adına Şəmkir şəhər orta məktəbin bioligiya müəllimi Əliyeva Sona Sakit qızının respublikanının “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olmasıdır.
Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2012-ci il tarixli sərəncamı ilə Sona Əliyeva müsabiqədə qalib gəldiyinə görə 5 min manat pul mükafatına və 01 oktyabr 2012-ci il tarixli Sərəncamı ilə “Əməkdar müəllim” fəxri adına layiq görülmüşdür.
2012-ci ildə Abbaslı kəndində 480 şagird yerlik, Şeidlər kəndində 180 şagird yerlik, Düyərli kəndində 2 nömrəli orta məktəbin əsaslı təmiri və 480 şagird yerlik yeni korpusun tikintisi, Günəşli kənd tam orta məktəbin əsaslı təmiri başa çatdırılaraq şagirdlərin ixtiyarına verilmişdir.
Sabirkənd kəndində 960 şagird yerlik yeni məktəb binasının tikintisi davam etdirilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 6 fevral tarixli 24s nömrəli sərəncamına uyğun olaraq Şəmkir rayonunda Zəyəm qəsəbəsində 2 saylı orta məktəb üçün 480 şagird yerlik, Qasım İsmayılov kəndində 360 şagird yerlik, Seyfəli kəndində 360 şagird yerlik, Qaralar kəndində 180 şagird yerlik, Ceyrançöl kənd orta məktəbi üçün 80 şagird yerlik yeni məktəb binalarının tikintisi davam etdirilir.
Rayonun Səhiyyə sistemində islahatlar davam etdirilir. Əhaliyə 549 çarpayılıq 11 xəstəxana, 32 həkim məntəqəsi, 27 feldşer-mama məntəqəsi tibbi xidmət göstərir.
Səhiyyə sistemində 355 nəfər həkim, 1101 nəfər orta tibb işçisi çalışır. Rayonda Səhiyyənin maddi-texniki bazasının möhkəmləndirilməsi, əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətini xeyli yaxşılaşdırmışdır. İxtisaslaşmış tibb heyyətinin köməyi ilə bir sıra xəstəliklərin müalicəsi rayon daxilində həyata keçirilir. Ətraf rayonlardan olan xəstələrin əksəriyyəti Şəmkir rayonunun səhiyyə müəssisələrində müalicə olunur.
2009-2013-cü illər üzrə Regionların Sosial-İqtisadi İnkişafı Dövlət Proqramına uyğun olaraq rayonda bir neçə tibb müəssisəsinin tikintisi və əsaslı təmiri nəzərdə tutulmuşdur.
Rayonun Ələsgərli kəndində yeni tibb məntəqəsinin tikintisinə başlanılmışdır.
Rayonun Mədəniyyət müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması diqqət mərkəzində saxlanılmışdır.
Şəmkir rayon Mədəniyyət və Turizim şöbəsi tərəfindən rayonda həyata keçirilən mədəni kütləvi tədbirlərin keyfiyyəti yüksəlmişdir.
Rayon icra hakimiyyətinin himayəsi ilə rayonda gənclərin asudə vaxtının səmərəli keçməsi, onları narahat edən problemlərin vaxtında həll edilməsi üçün bir sıra işlər görülür.
Heydər Əliyev Mərkəzində ulu Öndərin adı ilə bağlı arxiv, dövrü mətbuat materialları, video-foto sənədləri və dair sənədləri toplayan 15 nəfərdən ibarət təhqiqat qrupu yaradılmışdır. Mərkəz texniki avadanlıqlarla təchiz olunmuşdur.
Mərkəzdə komputer və ingilis dili kursları fəaliyyət göstərir.
Mərkəzdə ulu öndərin həyat və fəaliyyəti ilə bağlı kitabxana yaradılmışdır. Mərkəzdə ekspozisiya bölmələrindən biri “Heydər Əliyev Şəmkirdə” adlanır. Həmin bölmədə ulu öndər Heydər Əliyevin 1972, 1979, 1998 və 2000-ci illərdə Şəmkir rayonuna səfərləri ilə bağlı foto şəkillər toplanılmışdır.
Heydər Əliyev Mərkəzində rayon məktəblilərinə,rayon sakinlərinə, qonaqlara Heydər Əliyevin ictimai-siyasi həyatı və irsi geniş təbliğ edilir. Müxtəlif sahələr üzrə peşə bayramlarının Heydər Əliyev Mərkəzində qeyd edilməsi ənənə şəklini almışdır.
Rayon gəncləri boş vaxtlarının əksər hissəsini Şəmkir Olimpiya idman kompleksində keçirməklə idmanın sərbəst güləş, karate, üzgüçülük və bir sıra digər idman növləri ilə məşğul olurlar.
Qeyd etməliyəm ki, son vaxtlar rayonda gənclərin idmanın sərbəst güləş növünə olan marağı xeyli artmışdır.Şəmkir şəhərində yerləşən güləş məktəbində gündəlik 270 nəfərədək yeniyetmə və gənc idmanın bu növü ilə məşğul olur.
Bu günlərdə Güləş məktəbinin yetirməsi Coşqun Məmmədov sərbəst güləş üzrə yeniyetmələr arasında keçirilən yarışda 42 kq çəki dərəcəsində düyna çempionu olmuşdur.
Rayon əhalisinin təbii qaz və elektrik enerjisi ilə təminatı yaxşılaşdırılmışdır. Rayonun 44 yaşayış məntəqəsində 32503 abonentin mənzilinə təbii qaz verilir. Rayon əhalisinin 95 %-i təbii qazdan istifadə edir. Hazırda Bayramlı, Muxtariyyat, Qılıncbəyli və Qaralar kəndlərinə təbii qazın verilməsi ilə bağlı quraşdırma işləri aparılır.
Görülmüş tədbirlər nəticəsində 2012-ci ilin sentyabr ayında təbii qazın dəyərinin ödənişi 142,1 faiz, elektrik enerjisinin ödənişi isə 101,54 faiz olmuşdur.
Bildiyiniz kimi, Şəmkir rayonu Respublikamızın ən böyük kənd təsərrüfatı rayonlarından biridir.
Ötən ildəki kimi Rayon İcra Hakimiyyəti kənd əməkçilərinin problemlərinin həllinə başlıca diqqət yetirir.
Rayon üzrə 181 min 610 hektar torpaq sahəsinin 59 min 504 hektarı Dövlət mülkiyyətində, 73 min 325 hektarı bələdiyyə mülkiyyətində, 48 min 781 hektarı isə xüsusi mülkiyyətdə olan torpaqlardır.
Əkinə yararlı 44 min 680 hektar torpaq sahəsinin 38 min 447 hektarı suvarma suyu ilə təmin edilmişdir. Bu sahədə heç bir problem olmamışdır. Bu mühüm tədbirin həyata keçirilməsində rayonda fəaliyyət göstərən 3 suvarma idarəsinin Şəmkir suvarma sistemləri, Şəmkir Maşın kanal və Subartezian quyularının istismarı idarələrinin kollektivlərinin böyük əməyi olmuşdur.
17101 hektar sahədə taxıl əkilmişdir ki, onun 12642 hektarı buğda, 4408 hektarı arpa, 51 hektarı isə vələmir olmuşdur. Sahələrdən 65332 ton məhsul toplanılmışdır.
Rayonda 2347 hektar sahədə qarğıdalı, 6392 hektar sahədə kartof, 6151 hektar sahədə tərəvəz, 252 hektar sahədə bostan bitgiləri, 567 hektar sahədə günəbaxan, 10 min 111 hektar sahədə isə yem bitkiləri əkilmişdir. Əkin sahələrdən 107 min 152 ton kartof, 121 min 365 ton tərəvəz və 37 min 460 ton meyvə, 16 min 718 ton üzüm, 822 ton günəbaxan tumu istehsal olunmuşdur.
Müsbət haldır ki, kənd əməkçiləri tərəfindən 1515 hektardan çox sahədə istilikxanalar tikilmiş və həmin sahədə bostan və tərəvəz məhsulları yetişdirilir. Istehsal olunan məhsullar daxili bazarlarla yanaşı Respublikadan kənara da göndərilir.
Rayon üzrə iri buynuzlu mal-qaranın sayı 60 min 526 başa, qoyun və keçilərin sayı isə 282056 başa çatmışdır.
Yanvar -sentyabr ayları ərzində 7646 ton-ət (diri çəkidə), 38827 ton - süd, 461 ton – yun, 32 milyon 998 min ədəd – yumurta istehsal edilmişdir.
“Kənd Təsərrüfati MəhsullarI istehsalçılarına dövlət dəstəyi haqqında” Nazirlər kabinetinin qərarına əsasən əkin sahələrinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə 9724 nəfər istehsalçıya 1 milyon 227 min 108 manat pul kompensasiyası verilmişdir.
Şəmkir rayonundan Bakı şəhərinin Xətai rayonuna kənd təsərrüfatı məhsulları yarmarkasına məhsul göndərilişi davam edir. Hər həftə 80-90 tondan artıq məhsul Bakı şəhərinə göndərilir. 2012-ci ilin birinci yarım ili ərzində 1954 ton müxtəlif çeşidli kənd təsərrüfatı məhsulları satış üçün Bakı şəhərinə göndərilmişdir.
Poçt və rabitə müəssisələri tərəfindən 1 milyon 81 min manatlıq xidmət göstərilmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 11 faiz çoxdur.
Rayonda yerləşən ATS-lərinin hamısı yeni Elektron ATS-lərlə əvəz olunmuş, Kür qəsəbəsində və Mahmudlu kəndində yeni poçt binalarının tikintisi başa çatmaq üzrədir.
Rayonda gənclərin ordu sıralarına hazırlığına diqqət artırılmışdır.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsi tərəfindən gənclərin həqiqi hərbi xidmətə göndərilməsi tapşırığı vaxtında yerinə yetirilmişdir. Çağırış yaşlı gənclər arasında çağırışdan yayınma halları qeydə alınmamışdır.
Rayonda dini durum sabit olaraq qalmış, dini qurumların fəaliyyətində qanuna zidd heç bir hadisə qeydə alınmamışdır.
Rayonda rəsmi mətbuat orqanlarına, eləcədə digər qəzet və jurnallara abunə yazılışı diqqət mərkəzində saxlanılmışdır.
“Şəmkir” qəzetinin ayda bir dəfə çıxması təmin edilmişdir.
Rayonun ictimai-siyasi həyatında qazanılmış uğurlarda hüquq-mühafizə orqanlarının da əməyi az olmamışdır. Rayon İcra Hakimiyyəti Başçısı Aparatı ilə rayonun Hüquq mühafizə orqanlarının birgə və qarşılıqlı fəaliyyəti rayon daxilində olan bir çox problemlərin həllinə öz müsbət təsirini göstərmişdir.
Rayonda cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydalarının möhkəmləndirılməsi, insan hüquqlarının və azadlıqlarının qorunması sahəsində müəyyən işlər görülmüşdür.
Rayon İcra Hakimiyyəti Başçısı tərəfindən ayrı-ayrı kəndlərdə 40 səyyari qəbul keçirilmiş, qəbul zamanı 15368 nəfər iştirak etmişdir. Vətəndaşların qəbulu zamanı 122 təklif irəli sürülmüşdür. Təkliflərin 27-sı yolların təmirinə, 26-sı əkin sahələrinin suvarılmasına, 11-i qaz xəttlərinin çəkilişinə, 27-si transformatorların və elektrik dayaqlarının təmirinə, 8-i məktəb tikintisinə və uşaq bağçasının təmirinə, 6-sı həyətyanı torpaq verilməsinə, 4-ü ünvanlı sosial yardım verilməsinə, 3-ü subartezian quyusunun təmiri, 10-u isə digər məsələlərə dair olmuşdur. Təkliflər ümumiləşdirilərək aidiyyatı təşkilatlara çatdırılmışdır. Həmin təkliflərin 77-si həll edilmiş, 33-ü icra olunur, 12-si tövsiyyə xarakterli olmuşdur.

Hörmətli yığıncaq iştirakçıları!
Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyev tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair (2009-2013-cü illər) Dövlət Proqramına uyğun olaraq 2012-ci ilin ikinci yarısında Şəmkir rayonunda bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.
2012-ci ilin sonunadək Bayramlı, Muxtariyyat, Qılıncbəyıli və Qaralar kəndlərinin qaz təchizatı bərpa olunacaq.
İsgəndərli, Qaralar kəndlərində yeni məktəb binalarının tikintisi başa çatacaqdır.
Sabirkənd kəndində 960 şagird yerlik, Zəyəm qəsəbəsində 480 şagird yerlik, Qasım İsmayılov 360 şagird yerlik, Seyfəli kəndində 360 şagird yerlik yeni məktəb binalarının tikintisi davam etdiriləcəkdir.
Şəhərin küçələrinin əsaslı təmiri davam etdiriləcək.
Şəmkir şəhərinin su və kanalizasiya xətlərinin çəkilişi davam etdiriləcək.
Şəmkir şəhərində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün yeni 36 mənzilli yaşayış evinin tikintisi başa çatacaqdır.
Şəmkir çayı üzərində dəryaçanın tikintisi davam etdiriləcəkdir.
Bu gün ki, Şəmkir dünənki, deyil. Sabahkı Şəmkir isə daha gözəl olacaqdır. Bunu bizdən tariximiz, zaman və möhtərəm Prezidentimiz İlham Əliyevin uğurla həyata keçirdiyi sosial -iqtisadi kurs tələb edir.
Şəmkir rayon İcra Hakimiyyəti Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevi əmin edir ki, şəmkirlilər Prezidentimizin siyasi kursuna uyğun olaraq rayon iqtisadiyyatının dinamik inkişafı və əhalinin sosial vəziyyətinin yaxşılaşması üçün daim məqsədyönlü işlər görəcəklər.

Diqqətinizə görə sağ olun !

Keçidlər