Şriftin ölçüsü :

Saytın rəngi :

"Son illərdə Şəmkirdə sahibkarlığın inkişafı ilə bağlı real addımların atıldığını demək mümkündür”- sahibkar Bəxtiyar Ələsgərov

05 mart 2020 | 16:00

Bu gün Respublikamızda fəaliyyət göstərən istixanaların böyük hissəsi Şəmkir rayonunda yerləşir. Hazırda rayonda 1025 hektar sahədə istixana fəaliyyət göstərir. Şəmkirlilər istixana biznesi ilə əsasən kiçik, orta və böyük ölçülərdə məşğul olurlar.

Şəmkir istixanalarında pomidor, xiyar, çiyələk, tərəvəz, göyərti, gül hətta müxtəlif meyvələr də yetişdirilir. Hər biri üçün fərqli qiymətə, fərqli modellərdə istixana tikilib və təbii ki, buna görə də məhsuldarlıq da fərqli olur.

Rayon istixanalarında əsasən pomidor yetişdirilir. Ötən il rayonda 125 min 895 ton məhsul istehsal olunub, bu məhsulun da 72 min 773 tonu xarici bazarlara ixrac olunub. Xarici bazarlar üçün istehsal olunan məhsuldan 116 milyon 436 min 800 manat gəlir əldə olunub.

Şəmkirdə demək olar ki, ilin bütün fəsillərində istixanalarda məhsul yetişdirilir. Yerli sahibkarlar qış aylarında müxtəlif yanacaq növlərindən istifadə edirlər. Bunlardan ən sərfəlisi isə mazutdur.

Bu gün rayonda aqrar sahədə sahədə ən sərfəli yanacaq növü olan mazutdan geniş istifadə edilir. Çünki bu yanacaq növü fermerlərə və sahibkarlara imkan verir ki, istehsal etdikləri məhsulların maya dəyərini azaltsınlar və ixrac imkanını artırsınlar.

Şəmkirdə yanacağın bu növünə sahibkarlar tərəfindən maraq çoxdur. Bu yaxınlarda bir qrup sahibkar rayon rəhbərliyindən istixanalarda istifadə olunan mazutun əldə olunması üçün dövlət tərəfindən dəstək göstərilməsini xahiş ediblər. Şəmkir rayonunun aqrar sahədə siması hesab olunan istixanaların inkişafı üçün sahibkarlara lazımi dəstək göstərilib və onların yanacaq təminatının yaxşılaşdırılması üçün tədbirlər həyata keçirilib.

Görülən məqsədyönlü tədbirlərə görə yerli sahibkarlar ölkə Prezidenti Cənab İlham Əliyevə minnətdarlıq ediblər.

Şəmkir rayonunun Qədimqala kənd sakini, sahibkar Bəxtiyar Ələsgərov bildirir ki, istehsal xərcləri nə qədər yüksək olarsa, sahibkarlar üçün məhsulların ixrac imkanları bir o qədər məhdudlaşdırılır. Sahibkarlara belə dəstək göstərildikcə, sahibkarların gəlirləri də artacaq. Bu eyni zamanda sahibkarlığın dəstəklənməsi ilə bağlı tədbirlərin davamı kimi qiymətləndirilə bilər. Son 5 ildə rayonumuzda sahibkarlığın inkişafı ilə bağlı real addımların atıldığını demək mümkündür”.

Hazırladı:Fərid Şükürlü, Nurlan Ənvərli

Keçidlər