Şriftin ölçüsü :

Saytın rəngi :

ŞƏMKİRDƏ YENİ TV KANAL FƏALİYYƏTƏ BAŞLAYACAQ

27 fevral 2020 | 16:00

Sosial şəbəkələr artıq həyatımızın ayrılmaz bir parçasına çevrilib desək, yanılmarıq.

Bu gün Şəmkir rayonu da sosial mediada yüksək səviyyədə təmsil olunur. Rayonda medianın ən populyar bu növünün xidmətlərindən səmərəli istifadə olunur.

Bütün bu işlərin daha da təkmilləşdirilməsi, ixtisaslı kadrların bu sahəyə cəlb edilməsi və ən əsası gənclərin bu işdə fəaliyyətinin genişləndirilməsi üçün Şəmkir Rayon İcra Hakimiyyəti başçısı yanında iclas keçirilib.

Bildirilib ki, 15 mindən çox izləyici sayı olan Şəmkir Rayon İcra Hakimiyyətinin rəsmi facebook səhifəsi Azərbaycanda ən çox izləyicisi olan RİH səhifəsidir. Bundan başqa, İcra Hakimiyyətinin “Twitter”, “İnstagram”, “Youtube” səhifələri də vardır. Bütün bu sosial şəbəkələrdən rayonda görülən işlərin, keçirilən tədbirlərin ictimailəşdirilməsi ilə yanaşı, vətəndaş müraciətlərinin asanlaşdırılması istiqamətində də istifadə olunur.

Eyni zamanda “Şəmkir Media Group”un tərkibinə daxil olan Qerbinfo.Az saytı qısa zaman ərzində regionun informasiya daşıyıcısına çevrilməyi bacarıb.

Gənclərin təklif və istəklərinin müzakirə olunduğu, yeni ideaların ortaya qoyulduğu iclasda rayonun fəal gəncləri tərəfindən irəli sürülən bir sıra məsələlərin həyata keçirilməsi üçün ciddi addımlar atılıb, qərarlar verilib.

Bunlar arasında ən vacibi isə, gənclər tərəfindən “Şəmkir Media Group”un tərkibində yeni yaradılacaq TV kanal olub.

İlk olaraq onlayn fəaliyyətə başlayacaq TV-nin efirində izləyicilər bir-birindən maraqlı verilişləri, rayonda baş verən önəmli xəbərləri izləyə biləcəklər.

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov sosial medianın üstünlüklərindən səmərəli istifadə etməyə çalışan gənclərin bu ideasını yüksək qiymətləndirib, onları təbrik edib.

Keçidlər