Şriftin ölçüsü :

Saytın rəngi :

GƏNCLƏR GÜNÜ MÜNASİBƏTİLƏ ŞƏMKİRDƏ TƏNTƏNƏLİ TƏDBİR KEÇİRİLİB.

30 yanvar 2020 | 16:00

Şəmkir Heydər Əliyev Mərkəzində Rayon İcra Hakimiyyəti, Gənclər və İdman İdarəsinin və Şəmkir Gənclərinin İnkişaf və Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə Gənclər Gününə həsr olunmuş ümumrayon tədbiri keçirilib.

Tədbirdə çıxış edən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov rayon gənclərini əlamətdar tarix münasibətilə təbrik edərək, onlara gündən-günə daha da inkişaf edən ölkəmizdə xoşbəxt və firavan həyat, sağlamlıq və uğurlu gələcək arzulayıb.

Xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən 1997-ci ildə imzalanan Sərəncamla fevralın 2-nin Azərbaycan Gəncləri Günü elan edildiyini xatırladan icra hakimiyyətinin başçısı qeyd edib ki, Ulu Öndərin gənclər siyasətinin nəticəsi olaraq gənclər dövlət idarəçiliyinin bütün sahələrində fəal iştirak etməyə başladılar. Heydər Əliyev daim gənclərə böyük etimad göstərirdi, onlara güvənərək vurğulayırdı: “Gənclər cəmiyyətimizin əksəriyyətini təşkil edir, onlar bizim bu günümüz, həm də gələcəyimizdir. Biz, Azərbaycan dövləti, xalqımız gənclərə böyük ümidlə baxırıq”.
Bildirilib ki, Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında Ümummilli Liderin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən gənclər siyasətinin mühüm rolu var.

Şəmkir rayonunda həyata keçirilən gənclər siyasətinə və gənclərin sosial problemlərinin həllinə də toxunan icra başçısı qeyd edib ki, bu gün Şəmkir gəncləri tək rayonumuzun deyil eləcə də ölkənin ictimai-siyasi həyatında fəallıqları ilə seçilirlər.

Tədbirdə çıxış edən rayon Gənclər və İdman İdarəsinin rəisi Emin İsmayılov, Karyera və İnkişaf Mərkəzinin direktoru Kənan İbrahimov, “Gənc Müəllimlər Birliyi”nin sədri Hafiz Pənahov ötən il Şəmkirdə dövlət-gənclər siyasətinin icrası istiqamətində görülən işlərdən, həyata keçirilən layihələrdən və qarşıda duran vəzifələrdən danışıblar.

Daha sonra rayonun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup gəncə mükafatlar təqdim olunub.

 

Keçidlər