"XALQ QƏZETİ"NDƏN İCRA BAŞÇISI İLƏ FƏRQLİ FORMATDA MÜSAHİBƏ
.
Ölkəmizin tanınmış mətbuat orqanlarından olan “Xalq qəzeti”nin bölgə müxbiri, Respublikanın Əməkdar jurnalisti, “Qızıl Qələm” mükafatı laureatı Hamlet Qasımov Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovdan fərqli formatda müsahibə alıb.
Belə ki, mövzusu Şəmkir rayonunda könüllülük hərəkatı olan müsahibə elə rayonun gənc könüllüləri qarşısında baş tuturb.
Şəmkir Gənclər Mərkəzində baş tutan səmimi söhbət əsnasında keçən görüş zamanı rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov Şəmkirin tarixi, mədəniyyəti, adət-ənənələri, turizm imkanları, tanınmış şəxsiyyətləri barədə materialların hazırlanmasına daha çox diqqət yetirilməsi və rayondakı tədbirləri hər zaman gündəmdə saxladıqları üçün “Xalq qəzeti”nin rəhbərliyi başda olmaqla Hamlet Qasımova dərin təşəkkürünü bildirib.
Görüşün əsas mövzusu olan Şəmkirdəki könüllülük hərəkatından danışan icra başçısı bildirib ki, bu ənənə Şəmkir rayonunda rtıq 5 ildir başlayıb. İlk dəfə “Gənc Həkimlər Birliyi”, “Gənc Müəllimlər Birliyi”, “Gənc Tərbiyəçilər Birliyi” Şəmkirdə könüllülük əsasında öz ixtisasları ilə yanaşı rayonun ictimai-siyasi, sosial-iqtisadi həyatında önəmli rol oynamağa başladılar. Daha sonra bu ənənənin müxtəli sahələrdə silahdaşları yarandı. Onlardan “Şəmkir Gənclərinin Mədəni İnkişaf Birliyi” və “Gənc Xeyriyyəçilər Birliyi” tez bir zamanda rayon əhalisinin rəğbətini qazanmağı bacardılar.
İcra başçısı bildirib ki, bu gün Şəmkir Rayon İcra Hakimiyyətinin gənc kollektivi arasında işə götürülənlərdən 7 nəfəri könüllülükdən vəzifəyə təyin olunub.
Tanınmış jurnalist Hamlet Qasımov isə öz növbəsində səmimi qəbula və xoş sözlərə görə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədova minnətdarlığını bildirib.
QEYD: Müsahibə "Xalq qəzeti"ndə yayımlandıqdan izləyicilərimizə təqdim edəcəyik!