ŞƏMKİRDƏ 1000-Ə YAXIN AZTƏMİNATLI AİLƏYƏ BAYRAM SOVQATI PAYLANILIB
Şəmkir Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Şəmkir Bələdiyyəsi və “Gənc Xeyriyyəçilər Birliyi”nin dəstəyi ilə rayonun aztəminatlı ailələrinə bayram sovqatları paylanılıb.
Tədbirdə iştirak edən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov bütün Azərbaycan xalqını, o cümlədən şəmkirliləri 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib, rayon sakinlərinə sağlam həyat, xoşbəxt günlər arzulayıb.
İcra başçısı bildirib ki, aztəminatlı ailələrə dövlət tərəfindən qayğı hər zaman prioritet məsələlərdən biridir. Onların həyat şəraitinin yaxşılaşdırılması, yoxsulluğun azaldılması istiqamətində sosial müdafiə tədbirlərinin həyata keçirilməsi Cənab Prezident İlham Əliyev tərəfindən həmişə diqqət mərkəzində saxlanılır və onlara maddi və mənəvi cəhətdən dəstək göstərilir.
Qeyd edək ki, bayram münasibətilə Şəmkir rayonunda şəhid, əlil, kimsəsiz və aztəminatlı ailələrə, tənhalara və yardıma daha çox ehtiyacı olan şəxslərə ümumilikdə 1000-ə yaxın ailəyə bayram payları təqdim edilib.
Rayon sakinləri bayram münasibəti ilə göstərilən yardımlara görə ölkə başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.
Onu da bildirək ki, Şəmkir rayonunda bayramlarda mütəmadi olaraq aztəminatlı ailələri təbrik edilərək, onlara sovqatlar çatdırılır. Həyata keçirilən bu cür layihələr sosial-iqtisadi dövlət proqramlarına dəstək xarakteri daşımaqla yanaşı, aztəminatlı ailələrin qayğı ilə əhatələnməsi, əlamətdar günlərdə bayram əhval-ruhiyyəsi yaşatmaq məqsədi daşıyır.