Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkir sakinləri icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar maarifləndirilib

26 dekabr 2019 | 16:00

Şəmkir Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qüdrət Əliyev, İcbari Dövlət Sığorta agentliyinin nümayəndələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə məlumat verilib ki, birinci mərhələdə icbari tibbi sığorta 20 regionda tətbiq olunacaq və 2 milyona yaxın vətəndaşı əhatə edəcək. Bu proses yanvar-mart aylarında həyata keçiriləcək.

Bildirilib ki, mərhələli tətbiq zamanı vətəndaşlara xidmətlər zərfi çərçivəsində ilkin səhiyyə xidməti, təcili və təxirəsalınmaz tibbi yardım xidməti, ambulator və stasionar, o cümlədən həyati-vacib dəyəri yüksək olan tibbi xidmətlər göstəriləcək.
Zərfə təxminən 3000 diaqnoz üzrə tibbi xidmətlər daxildir.

Tədbirdə icbari sığorta haqları barədə də ətraflı məlumat verilib. Bildirilib ki, dövlət tərəfindən təqvim ili üçün adambaşına 90 manat icbari sığorta haqqı ayrılacaq. Dövlət və neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanan əməyin ödənişi fondunun 8 min manata qədər olan hissəsindən 2 faiz, 8 min manatdan yüksək olan hissəsindən isə 0,5 faiz miqdarında icbari tibbi sığorta haqqının ödənməsi nəzərdə tutulur.

Qeyri-dövlət və qeyri-neft sektorunda çalışan işəgötürən və işçilərdən isə aylıq hesablanan əməyin ödənişi fondunun 8 min manata qədər olan hissəsindən 1 faiz, 8 min manatdan yüksək olan hissəsindən isə 0,5 faiz ödənilməsi müəyyən edilib.

Diqqətə çatdırılıb ki, icbari tibbi sığortaya keçiddə daha az risklərlə qarşılaşmaq, tibb müəssisələrini və əhalini sözügedən prosesə hazırlamaq üçün, habelə islahatın əhatə dairəsinin genişliyini, tibb müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiqini nəzərə alaraq, respublikada icbari tibbi sığortanın tətbiqinin mərhələli şəkildə həyata keçirilməsi nəzərdə tutulub.

İlkin mərhələdə ölkə əhalisinin 23,82 faizinə tibbi xidmət göstəriləcək. İkinci mərhələdə, aprel-iyun aylarında 17 region – Gəncə və Naftalan şəhərləri, Göygöl, Goranboy, Daşkəsən, Samux, Şəmkir, Qazax, Ağstafa, Gədəbəy, Tovuz, Bərdə, Tərtər, Ağdam, Ağcabədi, Füzuli və Beyləqan sözügedən sistemə qoşulacaq.

İyul-sentyabr aylarında, yəni üçüncü mərhələdə 14 regionda - Lənkəran və Şirvan şəhərləri, Masallı, Lerik, Yardımlı, Astara, Cəlilabad, Salyan, Neftçala, Biləsuvar, İmişli, Saatlı, Hacıqabul və Sabirabadda icbari tibbi sığorta tətbiq olunacaq.

Sonuncu mərhələdə isə (oktyabr-dekabr ayları) Bakı və Sumqayıt şəhərlərinin, habelə Abşeron rayonunun əhalisi icbari tibbi sığorta sistemindən istifadə edəcək.

Keçidlər