Şriftin ölçüsü :

Saytın rəngi :

"2020-ci il Şəmkirdə idmanın zəfər ili olacaq"

21 dekabr 2019 | 16:00

Bu gün Şəmkir Gənclər Mərkəzində 2019-cu ildə yerli və beynəlxalq yarışlarda uğur qazanmış Şəmkir idmançıları və onların məşqçiləri ilə görüş keçirilib.

Görüşdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, Şəmkir Rayon Polis Şöbəsinin rəisi Elnur Həsənov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir Rayon Şöbəsi Anar Hüseynov, Şəmkir Rayon Təhsil Şöbəsinin müdiri Məcid Şıxlınski iştirak ediblər.
Şəmkir Rayon Gənclər İdman İdarəsinin rəisi Emin İsmayılov geniş məruzə ilə çıxış edərək Şəmkir idmançılarının 2019-cu ildə qazandığı uğurlardan danışıb.

Bütün qazanılan uğurlara, rayonumuzun, ölkəmizin adını şərəflə təmsil edən idmançılara təşəkkürünü bildirən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov çıxışında bildirib ki, Prezident Cənab İlham Əliyevin idmançılara xüsusi qayğı ilə yanaşması, müasir idman qurğularının, Olimpiya İdman komplekslərinin tikilməsi idmançılarımızın Olimpiya Oyunlarında, qitə və dünya çempionatlarında, digər beynəlxalq yarışlarda qələbələr qazanmasına zəmin yaradır. Ölkəmizin mötəbər idman yarışlarına ev sahibliyi etməsinin arxasında da məhz Azərbaycanın inkişafı, müasir idman infrastrukturu və təhlükəsiz ölkə olması amili dayanır.

İcra başçısı Şəmkir idmançılarının da qazandığı bu uğurların təməlində Cənab Prezidentin idmana göstərdiyi qayğı durduğunu vurğulayıb: “Bundan sonra da dövlətimizi, dövlət başçımızı, bayrağımızı, rayonumuzu çıxdığınız bütün arenalarda layiqincə təmsil etməlisiniz. Mən Zirəddin Bayramovun İtaliyada qazandığı qələbənin videoyazısını izlədim. Həqiqətən qürur duydum, onun erməni idmançısını diz çökdürüb ağlatmağı səngərdə qazanılan qələbə qədər dəyərli idi. Fəxr edirəm ki, Şəmkirin belə mərd oğulları var”.

Tədbirdə bildirilib ki, 2019-cu ildə Şəmkirdə müasir standartlara cavab verən futbol meydançaları, idman zalları yaradılıb. Bədii Gimnastika Arenası isə regionlarda bu idman növündə olan ən böyük arenadır. Bütün bu idman qurğuları dövlət başçımızın idmançılara qayğısının bariz nümunəsidir.

Çıxış edən idmançılar Rövşən Əmiraslanov, Mikayıl Bayramov, Anar Cavadbəyli, Vəfadar Mustafayev və digərləri Şəmkir idmançılarının uğurlarından, qarşılaşdıqları problemlərdən danışıblar.

Sonra çıxış edən tədbir iştirakçıları idmançılara göstərilən dəstəyə, diqqət və qayğıya görə Prezident Cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Sonda idmançıları maraqlandıran suallara cavab verilib, bir sıra mühüm qərarlar qəbul olunub.

Tədbirin sonunda idmançılara hədiyyələr təqdim edilib.

Keçidlər