Şriftin ölçüsü :

Saytın rəngi :

ŞƏMKİRDƏ PAYIZLIQ ƏKİNLƏRİ BƏYAN EDƏNLƏRİN SAYI ARTIB

10 dekabr 2019 | 16:00

"Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyat və payızlıq əkinlərin bəyan edilməsi prosesi qrafikə uyğun davam edir. Subsidiya alan fermerlərin böyük əksəriyyəti artıq EKTİS-də qeydiyyatdan keçərək özlərinə şəxsi kabinet yaradıblar. Bu günədək yeni sistemdə 400 minədək fermer qeydiyyatdan keçib".

Bu fikirləri Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev Şəkir rayonunda EKTİS-in tətbiqi ilə bağlı keçirilən görüşlərdə deyib.

Görüşlərdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, nazirliyin EKTİS-in tətbiqinə məsul şöbələrinin əməkdaşları, yerli icra hakimiyyəti strukturlarının nümayəndələri, DAİM-lərin rəhbərləri, bələdiyyə sədrləri, fermerlər iştirak edirlər.

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə, o cümlədən rayonda aparılan genişmiqyaslı abadlıq-quruculuq, yenidənqurma işləri, əsaslı infrastruktur layihələri barədə ətraflı məlumat verib. Ölkədə kənd təsərrüfatının inkişafına toxunan Alimpaşa Məmmədov bildirib ki, aparılan islahatlar və dövlət dəstəyinin genişləndirilməsi aqrar sahənin dinamik inkişafına səbəb olub.

İlham Quliyev isə çıxışında bildirib ki, bölgələrdə keçirilən maarifləndirici tədbirlər nəticəsində son 10 gündə EKTİS-də payızlıq əkin bəyanlarının sayı iki dəfə artıb: "Artıq 160 mindən artıq fermer hansı məhsulu əkdiyini bəyan edib. Gələn ildən subsidiyalar bu bəyanlar əsasında veriləcək. Bildiyiniz kimi, Aqrar Subsidiya Şurası kənd təsərrüfatı bitkiləri üzrə subsidiya əmsallarını müəyyənləşdirib. Subsidiyaların məbləği əmsallar 200 manat baza məbləğinə vurulmaqla müəyyənləşəcək. Bu baxımdan fermerlərin hansı məhsulu əkdiyini dəqiq bəyan etməsi vacibdir".

Nazir müavini fermerləri Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqi və payızlıq əkinlərin bəyan edilməsi ilə bağlı meydana çıxan suallarla bağlı Dövlət Aqrar İnkişaf Mərkəzlərinə, "ASAN xidmət" mərkəzlərində yaradılmış xidmət pəncərələrinə və Kənd Təsərrüfatı Nazirliyinin 1652 nömrəli Çağrı Mərkəzinə müraciət etməyə çağırıb.

Keçidlər