İlham Əliyev Şəmkirçay su anbarının açılış mərasimində iştirak edib:
Prezident İlham Əliyev su elektrik stansiyası ilə birgə Şəmkirçay su anbarının açılış mərasimində iştirak edib.
“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə dövlət başçısına Şəmkirçay su anbarının planı, Şəmkirçay magistral suvarma kanallarının sxemi, Şəmkirçay üzərində dəryaçanın tikintisinin əsas göstəriciləri, bəndin baş planı və digər qurğular barədə ətraflı məlumat verdi.
Prezident İlham Əliyevə Azərbaycandakı mövcud su anbarlarının xəritəsi nümayiş etdirildi.
Dövlət başçısı su elektrik stansiyası ilə birgə Şəmkirçay su anbarının açılışını bildirən düyməni basdı.
Prezident İlham Əliyevə su elektrik stansiyası barədə məlumat verildi. Qeyd edildi ki, stansiyanın gücü 25 meqavat olacaq. Stansiyada ildə 56 milyon kilovat elektrik enerjisinin istehsalı nəzərdə tutulur.
Sonra dövlət başçısına Şəmkirçay su anbarı, əsas hidrotexniki qurğular, o cümlədən magistral kanallar barədə məlumat verildi. Zəngin təbiəti ilə seçilən bu ərazidə 2008-ci ildən bəri peşəkarcasına və beynəlxalq standartlara uyğun olaraq böyük həcmdə iş aparılıb.
Bildirildi ki, gil nüvəli mərkəzi bəndin daha möhkəm və etibarlı olması üçün daş-qaya materialından istifadə edilib. Şəmkirçay su anbarının ümumi su tutumu 164,5 milyon kubmetr, faydalı həcmi isə 156,3 milyon kubmetrdir. Şəmkirçay su anbarı bəndinin nüvə hissəsindən hündürlüyü 196 metrdir. Layihəyə əsasən orta illik su ehtiyatı 265,2 milyon kubmetr olan Şəmkirçay çayının sularını bu anbarda nizamlamaqla ildə 207,9 milyon kubmetr sudan istifadə olunacaq. Layihəyə uyğun olaraq su anbarında nəqledici, qəza sutullayıcı və təzyiqli enerji tunelləri tikilib.
Diqqətə çatdırıldı ki, Şəmkirçay su anbarında yığılan suyu əkin sahələrinə nəql edəcək əsas magistral kanal, sağ və sol sahil magistral kanalları, həmçinin maşın kanalı üçün qidalandırıcı kanal inşa olunub. Ən müasir standartlara cavab verən həmin kanallar açıq dəmir-beton üzlüklüdür. Dövlətimizin başçısının tapşırığına əsasən aparılan dəqiqləşdirmə nəticəsində Şəmkir, Göygöl, Samux və Goranboy rayonlarında su təminatı yaxşılaşdırılacaq 54 248 hektar və yeni suvarılacaq 17 147 hektar torpaq sahələrinin olduğu müəyyənləşdirilib. Şəmkirçay su anbarından Gəncə və Şəmkir şəhərlərinə, Samux rayonunun Nəbiağalı qəsəbəsinə saniyədə 1,6 kubmetr su verməklə əhalinin içməli su təchizatı yaxşılaşdırılacaq. Layihənin əhatə etdiyi ərazidə ekoloji vəziyyət əsaslı şəkildə yaxşılaşacaq. Ümumilikdə, Şəmkirçay su anbarı regionların sosial-iqtisadi inkişafına olduqca vacib töhfədir və müstəqillik illərində reallaşdırılan ən mühüm layihələrdən biri kimi Azərbaycanın müasir tarixində mühüm yer tutacaq.
Sonra dövlət başçısı mərasim iştirakçıları ilə görüşdü.
Prezident İlham Əliyev Şəmkirçay su anbarının istifadəyə verilməsi münasibətilə təbriklərini çatdırdı. Bildirdi ki, bu nəhəng infrastruktur layihəsi ölkə iqtisadiyyatına mühüm töhfədir. “Bu layihənin icrası nəticəsində suvarılan torpaqların sahəsi daha da artacaq”, - deyən dövlətimizin başçısı Şəmkirçay və Taxtakörpü su anbarı layihələrinin Azərbaycanın iqtisadi qüdrətinin əyani nümunəsinə çevrildiyini diqqətə çatdırdı. Prezident İlham Əliyev dövlət vəsaiti hesabına həyata keçirilən bu layihələrin Azərbaycanda qeyri-neft sektorunun, kənd təsərrüfatının və sahibkarlığın daha da inkişafına hərtərəfli dəstək olacağını dedi, ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin edildiyini bildirdi. Dövlətimizin başçısı enerji təhlükəsizliyinin təmin edildiyi Azərbaycanda enerji güclərinin artırılması istiqamətində tədbirlər görüldüyünü və yeni su elektrik stansiyalarının inşa olunduğunu vurğuladı.
Prezident İlham Əliyev dedi ki, ölkəmizdə aparılan islahatlar nəticəsində Azərbaycan dünyada böyük nüfuz qazanıb və gələcəkdə belə layihələrin icrası davam etdiriləcək.
“Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri Əhməd Əhmədzadə layihənin əhəmiyyətindən danışdı, onu ölkəmizin iqtisadi həyatında mühüm hadisə kimi dəyərləndirdi. Əhməd Əhmədzadə Şəmkirçay su anbarı layihəsinin icrasına verdiyi hərtərəfli dəstəyinə görə Prezident İlham Əliyevə melioratorların minnətdarlığını çatdırdı.
“Vətən-az” MMC-nin direktoru, fermer Azər Əmiraslanov da sahibkarlığın, kənd təsərrüfatının inkişafına verdiyi dəstəyə görə dövlətimizin başçısına minnətdarlıq etdi.