Şriftin ölçüsü :

Saytın rəngi :

SAHİBKARLARA ŞAD XƏBƏR - "KOB Dostu" ŞƏMKİRDƏ

16 oktyabr 2019 | 16:00

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Kiçik və Orta Biznesin Dostu ("KOB Dostu") şəbəkəsi genişlənməkdə davam edir. Növbəti "KOB Dostu" Şəmkir rayonunda fəaliyyətə başlayıb.

Bu gün Şəmkir Rayon İcra Hakimiyyətinin dəstəyi, KOBİA-nın təşkilatçılığıilə Şəmkir Gənclər Mərkəzində "KOB Dostu"nun fəaliyyətə başlamasına həsr olunmuş tədbir keçirilib.

Şəmkir rayonunda sahibkarlara xidmət göstərən müxtəlif dövlət qurumlarının nümayəndələrinin və sahibkarların iştirakı ilə təşkil olunmuş tədbirdə “KOB Dostu” mexanizmi, mikro, kiçik və orta sahibkarlara “KOB Dostu” tərəfindən göstəriləcək xidmətlər və dəstək barədə ətraflı məlumat verilib.

Tədbirdə çıxış edən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov rayonun iqtisadi potensialı və sahibkarlıq fəaliyyətinin genişləndirilməsi üçün yaradılmış imkanlar barədə məlumat verib, “KOB Dostu”nun mikro, kiçik və orta biznes subyektlərinə dəstək olacağına əminliyini vurğulayıb.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov qeyd edib ki, Şəmkir və ətraf rayonlarda fəaliyyət göstərən KOB-lar biznesin qurulması, mövcud sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, eləcə də hüquq və maraqlarının müdafiəsi kimi istiqamətlərdə “KOB Dostu”na müraciət edə bilərlər.

Daha sonra “KOB Dostu” konsepsiyası ilə bağlı təqdimat keçirilib.

Sonda tədbir iştirakçıları Şəmkir Gənclər Mərkəzində fəaliyyət göstərəcək "KOB Dostu" ofisi ilə tanış olublar.

Qeyd olunub ki, burada “KOB Dostu” tərəfindən sahibkarlara müvafiq xidmətlərin və dəstəyin göstərilməsi üçün lazımi şərait yaradılıb, ofisin fəaliyyətinə “KOB könüllüləri” cəlb olunub. “KOB Dostu” sahibkarlıq sahəsində KOB-lara informasiya, məsləhət, təlim-tədris, hüquqi yardım, dövlət qurumları ilə əlaqələndirmə kimi sahələrdə dəstək və xidmətlər göstərəcək.

“KOB Dostu” ilə əlaqə saxlamaq istəyən sahibkarlar Şəmkir Gənclər Mərkəzində yerləşən ofisə yaxınlaşa və ya (+99451) 682-88-08 (“Kiçik və orta biznesin dostu” şəbəkəsinin Şəmkir rayonu üzrə sədri Rövşən Bağırov) nömrəsi ilkə əlaqə saxlaya bilərlər.

Keçidlər