Şriftin ölçüsü :

Saytın rəngi :

"Gələcək nəsillərin sağlamlığının təmin olunması vacib şərtdir"- Alimpaşa Məmmədov

15 oktyabr 2019 | 16:00

Bağçalarda uşaqların düzgün qidalanmasına nəzarət məqsədilə Şəmkir rayonunda yerləşən körpələr evi-uşaq bağçalarının rəhbərlərinin iştirakı ilə iclas keçirilib.

İclasda Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Tovuz Regional bölməsinin rəisi Samir Əliyev, Aqrar Tədarük və Təchizat ASC-nin Tovuz Regional Şəmkir dayaq məntəqəsinin nümayəndəsi Seymur Əmiraslanov iştirak edib.

İclasın keçirilməsində məqsəd AQTA tərəfindən rayonun bir neçə məktəbəqədər təhsil müəssisələrində keçirilmiş monitorinqlərin nəticələrinin müzakirəsi olub.

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov çıxış edərək bildirib ki, məktəbəqədər yaşlı uşaqların rasional və təhlükəsizlik qaydalarına uyğun qidalanması əhalinin və gələcək nəsillərin sağlamlığının təmin olunması üçün vacib şərtdir və strateji əhəmiyyət daşıyır.
İcra başçısı vurğulayıb ki, gələcək nəsillərin sağlam böyüməsi və uşaqların fiziki cəhətdən normal inkişafını təmin edən ən vacib komponent onların düzgün qidalanması ilə bağlıdır.

İcra başçısı məktəbəqədər təhsil müəssisəsində uşaqların düzgün qidalanmasına nəzarət olunması üçün monitorinqlərin keçirilməsini müsbət dəyərləndirib.

AQTA-nın Tovuz regional bölməsinin rəisi Samir Əliyev tədbirin yüksək təşkilinə və yaradılan şəraitə görə Şəmkir Rayon İcra Hakimiyyəti başçısına təşəkkürünü bildirib, agentliyin bu sahədəki fəaliyyətilə bağlı məlumat verib.
Daha sonra regional bölmənin rəisi keçirilmiş monitorinqlərin davamlı olacağını və bu sahədə görülən işlərin gələcəkdə də davam edəcəyini bildirib.

Keçidlər