“Qərb regionunda özəlləşdirmə və investisiya imkanları, müasir yanaşmalar, şəffaf və elektron prosedurlar” mövzusunda regional forum təşkil edilib
Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının iştirakı ilə keçirilən forumda Şəmkir şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Qüdrət Əliyev, ətraf rayonlardan olan 70-dək sahibkar, iş adamı iştirak edib.
Forumun əsas məqsədi sahibkarlıq subyektlərini dövlət əmlakının özəlləşdirilməsi prosesinin gedişi, bu sahədəki yeni yanaşmalar, innovasiyaların tətbiqi, özəlləşdirməyə yeni açılmış müəssisə və sahələr, şəffaflığın artırılması ilə bağlı görülən təbliğat və maarifləndirmə tədbirləri barədə məlumatlandırmaqdır.
Tədbirdə çıxış edən Şəmkir Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Qüdrət Əliyev bildirib ki, son dövrlər ölkədə, eləcə də Şəmkir şəhərində investor kütləsinin formalaşması, əcnəbi və yerli sahibkarlar tərəfindən müəssisələrə yatırılan kapitalın artımı özəlləşmə prosesinin sürətlənməsinin əyani göstəricisidir. Qeyd edilib ki, investorların cəlb edilməsi, bu sahənin daha da inkişafı üçün Şəmkirdə geniş imkanlar və perspektivlər mövcuddur.
Tədbirdə Əmlak Məsələləri Dövlət Komitəsinin şöbə müdirinin müavini Yalçın Camalov bildirib ki, ölkə başçısı cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq müasir idarəetmə standartlarının, innovativ yanaşmaların tətbiq edildiyi özəlləşmə sahəsində proses modernləşdirilir, elektron müstəviyə keçid daha da genişləndirilir. Bu imkanlar özəlləşməyə cəlb edilən investorların sayının çoxalmasına səbəb olur.
Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının şöbə müdiri Fərhad Osmanov qeyd edib ki, sadə və onlayn prosedurlarla özəlləşmə prosesinin həyata keçirilməsi investorların bu sahəyə marağını artırıb.
Tədbirdə Əmlak Məsələləri Dövlət Komitəsinin sektor müdiri Nurlan Verdiyev tərəfindən “Qərb regionunda özəlləşdirmə və investisiya imkanları, müasir yanaşmalar, şəffaf və elektron prosedurlar” mövzusunda təqdimat edilib. Təqdimatda özəlləşdirmə prosesində tətbiq olunan yeni innovativ üsullar, hərrac və müsabiqələrdə iştirak qaydaları, özəlləşdirməyə çıxarılacaq müəssisələr barəsində məlumat verilib.