ŞƏMKİRDƏ ŞƏHİDLƏRİN XATİRƏSİNƏ HƏSR OLUNMUŞ FUTBOL TURNİRİ START GÖTÜRÜB
Şəmkir Rayon İcra Hakimiyyətinin dəstəyi, Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Şəmkirdə idarə, müəssisə və təşkilatlar arasında Milli Qəhramanlarının və şəhidlərin xatirəsinə həsr olunmuş mini-futbol turniri start götürüb.
Turnirin açılış mərasiminində iştirak edən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov Azərbaycanımızın azadlığı, istiqlaliyyəti və müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsinə həsr olunmuş turniri yüksək qiymətləndirdiyini bildirib.
İcra başçısı qeyd edib ki, belə bir tədbirin keçirilməsi milli vətənpərvərlik hissinin daha da artırılmasına öz müsbət tövhəsini verəcək: “Milli qəhrəmanlar, şəhidlər və qazilər bizim fəxrimiz və qürur mənbəyimizdir. Azərbaycan xalqını yaşadan, Azərbaycan dövlətini güclü edən onların qanıdır. Heç nəyi düşünmədən vətən uğrunda öz canından keçən, bayrağımızın daim dalğalanması üçün canından və qanından keçən oğlanlarımız daim yaşayacaq. Biz bütün şəhidlərimizin qarşısında baş əyirik. Onların övladları, valideynləri bizim üçün əzizdirlər”
Alimpaşa Məmmədov sonda bütün komandalara uğurlar və sağlam mübariəz arzulayıb.
Rayon Gənclər və İdman İdarəsinin rəisi Emin İsmayılov da çıxışında bildirib ki, şəhidlərin xatirəsinə həsr olunmuş turnirdə iştirak edən komandaların hər biri turnirə böyük həvəslə qatılıb.
E. İsmayılov qeyd edib ki, yarışlarda 16 komanda tərkibində 160 nəfər iştirak edir. Turnirin ilk günündə 5, sabah isə 3 oyun da komandalar güclərini sınayacaq. Bütün oyunları təcrübəli hakimlər idarə edəcək.