Şriftin ölçüsü :

Saytın rəngi :

İCRA BAŞÇISI LATVİYA SƏFİRİNİ QƏBUL EDİB

27 sentyabr 2019 | 16:00

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov Latviyanın ölkəmizdəki fövqalədə və səlahiyyətli səfiri Daynis Qarançsı qəbul edib.

Görüşdə icra başçısı Azərbaycan-Latviya münasibətlərinin vacibliyindən danışaraq, Şəmkirin iqtisadi və sosial-siyasi həyatı barədə səfiri məlumatlandırıb.

Daha sonra Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov səfir Daynis Qarançsa rayon haqqında məlumat verib: “Şəmkir Azərbaycanın inkişaf etmiş rayonlarından biridir. Rayonumuzun iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Azərbaycanda olan istixanaların böyük əksəriyyəti Şəmkirdə yerləşir. Biz ildə 100 min tona yaxın pomidor və xiyar istehsal edib xarici bazarlara ixrac edirik. Rayonumuzda olan istixanalarda 15 mindən çox işçi çalışır ki, bunların da 10 minə yaxını şəmkirli qalanı isə ətraf rayonlardan gələnlərdir”.

Daha sonra Alimpaşa Məmmədov Şəmkirdə son zamanlarda görülən işlər sırasında “AzForel” balıqçılıq təsərrüfatının da önəmindən danışıb.

İcra başçısı Azərbaycanın hər yerində olduğu kimi Şəmkirin də tolerant bir rayon olduğunu bildirib: “Şəmkirdə 18 müxtəlif xalqın nümayəndəsi yaşayır. Onlar rayonumuzda xoşbəxt və firavan həyat sürürlər. Azərbaycanın hər yerində olduğu kimi Şəmkirdə də bu məsələyə xüsusi diqqət ayrılır”.

Latviyanın ölkəmizdəki səlahiyyətli səfiri Daynis Qarançs da öz növbəsində Şəmkirdə olmaqdan məmun olduğunu bildirib. Onun sözlərinə görə, Şəmkirə səfərinin məqsədi iki ölkə arasında dayanıqlı əməkdaşlığı inkişaf etdirmək üçün qarşılıqlı maraq kəsb edən sahələri qiymətləndirməkdir.

Görüşün sonunda Daynis Qarançs və səfirin ailə üzvlərinə Şəmkir adından rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov xatirə hədiyyələri təqdim edib.

Keçidlər