Şriftin ölçüsü :

Saytın rəngi :

MİLLİ MUSİQİ GÜNÜ ŞƏMKİRDƏ TƏNTƏNƏLİ QEYD EDİLİB

18 sentyabr 2019 | 16:00

18 sentyabr - Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin dünyaya göz açdığı gün ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur. Ümummilli lider Heydər Əliyevin müvafiq Sərəncamına əsasən, bu gün münasibətilə hər il Azərbaycanın müxtəlif bölgələrində silsilə tədbirlər keçirilir.

Belə tədbirlərdən biri də bugün Şəmkir rayon Gənclər Mərkəzində baş tutub.

Şəmkir Gənclərin İnkişaf və Karyera Mərkəzinin, “Böyük yol” gənclər ictimai birliyinin təşkilatı dəstəyi və “Şəmkir Gənclərin Mədəni İnkişafına Dəstək” ictimai birliyinin təşkilatçılığı ilə “Milli musiqimiz sərvətimizdir” başlığı altında tədbir keçirilib.

Konsert tədbirində Prezident Administrasiyasının məsul əməkdaşı Orxan Mürsəlov , Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, RİH başçısının müavini Aynur Abdullayeva, idarə və müəssisə rəhbərləri, gənc birliklərin əməkdaşları və rayon gəncləri iştirak ediblər.

Tədbirin giriş hissəsində “Nəsimi ili” ilə əlaqədar olaraq gənclərin hazırladığı musqili kompozisiya təqdim edilib. Tədbirdə milli musiqi inciləri və həmçinin dahi bəstəkar Üzeyir Hacıbəyovun müəllifi olduğu müxtəlif janrlardakı musiqilər gənclərin ifasında səsləndirilib.

Tədbirin ikinci hissəsinində Şəmkir rayon İcra Hakimiyyəti və Şəmkir Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə təşəbbüsü olan istedadlı gənclərin tanıdılması ilə bağlı hazırlanan ilk video-müsahibə təqdim edilib.

Tədbirin sonunda çıxış edərək, gənclərin işini yüksək dəyərləndirən Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov bildirib ki, Ümummilli lider Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrlərdə Azərbaycan musiqi sənətinin inkişafı üçün böyük işlər həyata keçirilib. Ulu öndər milli musiqimizin böyük simaları olan Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Tofiq Quliyev, Arif Məlikov və başqa dünya səviyyəli sənətkarlarımızın yaradıcılığını yüksək qiymətləndirib, Azərbaycan musiqi mədəniyyətinin inkişafına daim böyük qayğı göstərib. İcra başçısı qeyd edib ki, bu gün də ölkəmizdə musiqimizin inkişafı sahəsində həyata keçirilən tədbirlər Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, milli musiqi ənənələrimiz yaşadılır.

Sonda tədbirin çıxışçıları və təşkilatçıları ilə birlikdə xatirə fotosu çəkilib.

Keçidlər