Dəllər Cəyir kəndində inkubator məntəqəsi fəaliyyətə başlayıb
Bu gün ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Azərbaycan hökuməti və yerli icmalar arasında əməkdaşlıq çərçivəsində rayonumuzun Dəllər Cəyir kəndində inşa edilən inkubator məntəqəsinin açılış mərasimi baş tutub. Layihə çərçivəsində inkubator sexi üçün bina tikilib, generator, inkubasiya rəfləri və digər avadanlıqlar qoyulub.
Açılış mərasimində çıxış edən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Qüdrət Əliyev qeyd edib ki, son illər regionlarda kiçik və orta sahibkarlığın genişləndirilməsi, yerli ehtiyatlardan səmərəli istifadə etməklə kənd təsərrüfatının inkişafı, sahibkarlar arasında kooperasiya əlaqələrinin gücləndirilməsi, əhalinin istehsal sahəsində məşğulluğunu artırmaq məqsədilə mühüm addımlar atılır.
Dəllər Cəyir kəndində inkubator məntəqəsinin inşa edilməsinin əhəmiyyətinə diqqət çəkən Qüdrət Əliyev bu münasibətlə kənd sakinlərini təbrik edib.
Vurğulayıb ki, inkubator məntəqəsinin inşa edilməsi ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Azərbaycan hökuməti və yerli icmalar arasında əməkdaşlıq çərçivəsində rayonda icra edilən layihələrdən biridir.
Tədbirdə çıxış edən USAİD-in proqram rəhbəri Devid Ratlif layihələrin insanların öz həyat səviyyələrini yaxşılaşdırmağa yönəlmiş səylərinə dəstək göstərmək məqsədi daşıdığını bildirib, əməkdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyini diqqətə çatdırıb