"BİRLİKDƏ QAZANDIĞIMIZ BU UĞURLARIN HAMSI DƏYƏRLİ ŞƏMKİRLİLƏR ÜÇÜNDÜR" - ALİMPAŞA MƏMMƏDOV
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun rayonun müxtəlif kənd və qəsəbələrində vətəndaş qəbulu davam edir.
İcra başçısının vətəndaşların müraciətlərinə əsasən yaşadıqları ünvana getməsi bir amala xidmət edir ki, o da vətəndaş məmnunluğuna nail olmaqdır.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov təsdiq olunmuş qrafikə uyğun olaraq bu gün Dəllər Cırdaxan kəndində 97 nəfər sakinin müraciətini fərdi qaydada dinləyib.
Qəbuldan öncə icra başçısı kənd sakinləri ilə ümumi qaydada söhbət edib, ölkəmizdə və rayonumuzda baş verən önəmli hadisələr, görülən işlər, uğurlu layihələr haqqında qısa məlumat verib.
Daha sonra icra başçısı respublikamızda, o cümlədən Şəmkirdə aparılan hərtərəfli inkişafdan danışdı. Dedi ki, cənab Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir ki, hər bölgədə, eləcə də rayonumuzda geniş abadlıq-quruculuq işləri aparılır, yeni yollar çəkilir, təhsil, səhiyyə müəssisələri inşa olunur, uşaq bağçaları tikilir, digər sosial layihələr icra edilir.
Alimpaşa Məmmədov Şəmkirə və şəmkirlilərə olan sevgisindən də danışdı: “Çox şadam ki, biz şəmkirlilər bir ailə şəkilində çalışırıq. Birlikdə qazandığımız uğurlar isə göz qabağındadır. Bu nailiyyətlərin hamsı dəyərli Şəmkir sakinləri, balalarımız üçündür. Gələcəkdə rayonumuz üçün bu birliyin daha böyük nəticələrini görəcəyik”.
Sakinlər tərəfindən səsləndirilən müraciətlər əsasən sosial yardım, mübahisəli torpaq məsələləri, kənddaxili yolların təmiri barədə olub.
Fərdi qəbulda bır sıra məsələlər yerindəcə həllini tapıb. Digər problemlərin həlli aidiyyatı qurumlar tərəfindən nəzarətə götürülüb.