Şriftin ölçüsü :

Saytın rəngi :

YENİ SUTƏMİZLƏYİCİ QURĞU 400 MİNƏ YAXIN ƏHALİNİ KEYFİYYƏTLİ İÇMƏLİ SU İLƏ TƏMİN EDƏCƏK

02 sentyabr 2019 | 16:00

Ölkənin qərb bölgəsində yaşayan əhalinin etibarlı və dayanıqlı içməli su ilə təminatı məqsədilə Şəmkirçay su anbarının yaxınlığında yeni sutəmizləyici qurğunun inşası yekunlaşmaq üzrədir.

Bu gün Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov görülən işlərlə tanış olmaq üçün tikinti ərazisinə baş çəkib.

İş icraçıları məlumat verərək bildiriblər ki, məhsuldarlığına görə regionlarda tikilən ən böyük sutəmizləyici qurğu Gəncə və Şəmkir şəhərləri üçün alternativ mənbə olmaqla, 400 minə yaxın insanın içməli su təminatını yaxşılaşdıracaq. Qurğunun məhsuldarlığı sutkada 140 min və ya saniyədə 1,6 kubmetrdir. Şəmkirçay su anbarından götürülən su qum süzgəclərdə təmizləndikdən sonra anbarlara ötürüləcək. Anbarlara daxil olan və çıxan suyun miqdarı, anbarlarda toplanan su ehtiyatının həcmi, suyun təzyiqi, eləcə də bulanıqlıq səviyyəsi və qalıq xlorun miqdarı onlayn rejimdə tənzimlənəcək.

Qeyd edilib ki, bütün bu proseslərə SCADA sistemi vasitəsilə nəzarət olunacaq. Hazırda tikinti-quraşdırma işlərinin 80 faizi yerinə yetirilib və yaxın aylarda qurğu istismara veriləcək.

İcra başçısına məlumat verilib ki, bu kompleks hər birinin tutumu 2500 kubmetr olan 3 ədəd su anbarı, 2 manevr otağı və daha bir neçə qurğudan ibarətdir. Tikinti-quraşdırma işlərinin yaxın günlərdə başa çatması nəzərdə tutulur. Yeni yaradılan mənbə hesabına bu 3 şəhərin və ətraf kəndlərin 400 minə yaxın sakini dayanıqlı və keyfiyyətli içməli su ilə təmin olunacaq.

Vurğulanıb ki, Şəmkirçay təmizləyici qurğularının imkanlarından bölgənin digər yaşayış məntəqələrinin su təminatında istifadə olunması da nəzərdə tutulur.

Keçidlər