Şriftin ölçüsü :

Saytın rəngi :

ŞƏMKİRDƏ ƏHALİNİN SİYAHIYAALINMASI ÜZRƏ HAZIRLIQ İŞLƏRİ DAVAM ETDİRİLİR

22 avqust 2019 | 16:00

Demoqrafiya siyasəti dövlətin sosial siyasətinin mühüm və başlıca tərkib hissəsi olub, onun əsasını təşkil edir. Bu istiqamətdə həyata keçirilən tədbirlərin effektivliyinin öyrənilməsi məqsədilə bu ilin oktyabr ayının 1-dən 10-na kimi əhalinin növbəti siyahıyaalınması keçiriləcək.

Bu gün Şəmkir Rayon İcra Hakimiyyəti başçı Alimpaşa Məmmədovun sədrliyi ilə əhalinin siyahıyaalınması, təlimatçı və sayıcı məntəqələri və ümumi hazırlıq işlərilə bağlı geniştərkibli iclas keçirilib.

İclasda 14 saylı ərazi vergilər idarəsinin rəisi Səməd Vəliyev, Şəmkir Rayon Statistika idarəsinin rəisi Pərvin Gözəlov, aidiyyətli idarə, müəssisə rəhbərləri iştirak ediblər.

Tədbirdə Şəmkir RİH başçısı Alimpaşa Məmmədov çıxış edərək bildirib ki, siyahıyaalma hər hansı bir ərazidə yaşayan əhali haqqında demoqrafik, iqtisadi və sosial məzmunlu məlumatların vaxtaşırı toplanması, ümumiləşdirilməsi və təhlili prosesidir. Azərbaycan Respublikasında əhalinin siyahıyaalınması hər 10 ildən bir keçirilir. Şəmkir rayonunda 1999-cu ildə keçirilmiş siyahıyaalmadan bu yana sakinlərimizin sayı xeyli artmışdır. Son illər əhali artımında müsbət miqrasiya ilə yanaşı, yeni doğulanların sayı əsas rol oynamış, Şəmkir əhalisinin sayı 2019-c ilin iyun ayına olan tarixə 217 min 892 nəfərə çatmışdır.

İcra başçısı vurğulayıb ki, əhali artımı bu gün Şəmkirdə əldə olunmuş sosial-iqtisadi inkişafın uğurlu nəticəsidir.

İclasda bildirilib ki, təsdiq olunmuş iş planına əsasən Şəmkir rayonunda kənd və qəsəbələr üzrə sxematik plan və xəritələri hazırlanmış, evlərin, mənzillərin sayı və digər göstəricilər haqqında məlumatlar dəqiqləşdirilmişdir. Əldə olunmuş məlumatlar əsasında hər bir inzibati ərazi vahidi üzrə təşkilati planlar hazırlanmışdır.

Təşkilati plana əsasən Şəmkir şəhəri və qəsəbələr üzrə siyahıyaalma məntəqələrinin, təlimatçı və sayıcı məntəqələrinin, kənd yerlərində siyahıyaalma məntəqəsinin təlimatçı və sayıcı məntəqələri üzrə tərkibləri müəyyənləşdirilmişdir.

Əhalinin siyahıyaalınması üzrə həyata keçirilən hazırlıq işləri bu mühüm tədbirin Şəmkir rayonunda vaxtında, dolğun və mütəşəkkil keçirilməsinə imkan yaradacaqdır.

 

Keçidlər