Şriftin ölçüsü :

Saytın rəngi :

ŞƏMKİRDƏ ƏHALİNİN SİYAHIYAALINMASI ÜZRƏ HAZIRLIQ İŞLƏRİ DAVAM ETDİRİLİR

16 iyul 2019 | 16:00

Demoqrafiya siyasəti dövlətin sosial siyasətinin mühüm və başlıca tərkib hissəsi olub, onun əsasını təşkil edir. Bu istiqamətdə həyata keçirilən tədbirlərin effektivliyinin öyrənilməsi məqsədilə bu ilin oktyabr ayının 1-dən 10-na kimi əhalinin növbəti siyahıyaalınması keçiriləcək.

Bu gün Şəmkir Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qüdrət Əliyevin sədrliyi ilə əhalinin siyahıyaalınması, təlimatçı və sayıcı məntəqələri və ümumi hazırlıq işlərilə bağlı iclas keçirilib.

Qüdrət Əliyev çıxış edərək bildirib ki, siyahıyaalma hər hansı bir ərazidə yaşayan əhali haqqında demoqrafik, iqtisadi və sosial məzmunlu məlumatların vaxtaşırı toplanması, ümumiləşdirilməsi və təhlili prosesidir. Azərbaycan Respublikasında əhalinin siyahıyaalınması hər 10 ildən bir keçirilir. Şəmkir rayonunda 1999-cu ildə keçirilmiş siyahıyaalmadan bu yana sakinlərimizin sayı xeyli artmışdır. Son illər əhali artımında müsbət miqrasiya ilə yanaşı, yeni doğulanların sayı əsas rol oynamış, Şəmkir əhalisinin sayı 2019-c ilin yanvar ayına olan tarixə 217 min 202 nəfərə çatmışdır.

İcra başçısının müavini bildirib ki, əhali artımı bu gün Şəmkirdə əldə olunmuş sosial-iqtisadi inkişafın uğurlu nəticəsidir.

İclasda bildirilib ki, mühüm dövlət tədbirinin əsas icraçısı kimi əhalinin siyahıyaalınması ilə bağlı hazırlıq işlərinin görülməsi və onun keçirilməsi, yekunlarının işlənilməsi, nəticələrinin dərc edilərək yayılması Dövlət Statistika Komitəsinin yerli şöbəsi ilə birgə həyata keçiriləcək. Təsdiq olunmuş iş planına əsasən Şəmkir rayonunda kənd və qəsəbələr üzrə sxematik plan və xəritələri hazırlanmış, evlərin, mənzillərin sayı və digər göstəricilər haqqında məlumatlar dəqiqləşdirilmişdir. Əldə olunmuş məlumatlar əsasında hər bir inzibati ərazi vahidi üzrə təşkilati planlar hazırlanmışdır. Təşkilati plana əsasən Şəmkir şəhəri və qəsəbələr üzrə siyahıyaalma məntəqələrinin, təlimatçı və sayıcı məntəqələrinin, kənd yerlərində siyahıyaalma məntəqəsinin təlimatçı və sayıcı məntəqələri üzrə tərkibləri müəyyənləşdirilmişdir.

Əhalinin siyahıyaalınması üzrə həyata keçirilən hazırlıq işləri bu mühüm tədbirin Şəmkir rayonunda vaxtında, dolğun və mütəşəkkil keçirilməsinə imkan yaradacaqdır.

Keçidlər