H.CAVİD KÜÇƏSİNDƏ YENİDƏNQURMA İŞLƏRİ TAMAMLANMAQ ÜZRƏDİR
Müstəqillik əldə etdikdən sonra respublikamızın hər bir bölgəsində böyük sosial-iqtisadi inkişaf baş verib. Belə inkişaf etmiş, müasir görkəmi ilə diqqət çəkən rayonlarımızdan biri də Şəmkirdir.
Şəmkir rayonunda aparılan abadlıq-quruculuq, həyata keçirilən sosial infrastruktur layihələr davam etməkdədir.
Görülən işlər çərçivəsində Şəmkir şəhər küçələrinin bir çoxu yenidən qurulur, bəzilərində təmir-tikinti işləri aparılır, bəzi yollarda isə asfalt-beton örtüyü çəkilir.
Hazırda Şəmkir Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə yenidən qurulan və asfalt örtüyü çəkilən Şəmkir şəhəi Posanlı massivini İpək Yolu ilə birləşdirən Hüseyn Cavid küçəsində işlər tamamlanmaq üzrədir.
Bu gün Şəmkir Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qüdrət Əliyev görülən işlərlə yerində tanış olub.
İş icraçıları bildirib ki, küçənin Posanlı massivi hissəsində işlər yekunlaşmaq üzrədir. Yolda əvvəlcə təmir-bərpa işləri aparılıb, hamarlanıb və lazımi bütün prosedurlardan sonra asfalt örtüyü çəkilib.
Məlumat verilib ki, işlər hazırda sürətlə davam etdirilir və qısa zamanda müasir standartlara cavab verən Hüseyn Cavid küçəsi sakinlərin ixtiyarına veriləcək.
Sakinlər görülən işlərə görə Cənab Prezident İlham Əliyevə təşəkkürlərini bildiriblər.
Qeyd edək ki, Şəmkir son bir neçə ildə demək olar ki, tamamilə dəyişib. Rayon ərazisində küçə və meydanlar, parklar abadlaşdırılıb, ayrı-ayrı ictimai binalarda, əsas yollarda, kənd və qəsəbədaxili küçələrdə təmir işləri aparılıb və yenidən qurulub, su və kanalizasiya sistemləri yenilənib, yeni xidmət və istehsal müəssisələri, bir sıra sosial-mədəni obyektlər tikilərək əhalinin istifadəsinə verilib.