BU DƏFƏ DƏLLƏR CƏYİR SAKİNLƏRİ YAXINLARININ EHSANINA YOL TƏMİR ETDİRDİLƏR
Bildiyiniz kimi, Şəmkir rayonunda milli-mənəvi dəyərlərimizdən olan yas mərasimlərinin sadələşdirilməsi istiqamətində ciddi addımlar atılır.
Çoxsaylı Şəmkir sakinlərinin müraciətindən sonra rayonda ehsan süfrələri sadə və hamının gücü çatan tərzdə verilir. Bu işi şəmkirlilər, xüsusilə ağsaqqallar yüksək qiymətləndirirlər.
Şəmkir Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayon sakinləri artıq təmtəraqdan uzaq mərasimlər əvəzinə dünyadan köçən yaxınlarının ehsanı üçün xeyriyyə işləri həyata keçirməyə üstünlük verirlər. Bu artıq rayonda gözəl bir ənənəyə çevirilib.
Sevindirici haldır bu ənənəni pozmağa cəhd edənlər elə sakinlərin özləri tərəfindən qınaq obyektinə çevrilir.
Bu günlərdə Şəmkirin Dəllər Cəyir kəndində vəfat edən Məmmədov Zöhrab Yaqub oğlunun yaxınları mərhumun ehsanına kənd sakinləri üçün xeyriyyə işləri həyata keçiriblər.
Belə ki, Dəllər Cəyir kənd İƏD-si üzrə nümayəndəliyinin təşkilatçılığı ilə kəndin mərkəzi küçəsi və mərkəzi küçənin ətrafında iki küçə qum-çınqıl tökülərək təmir edilib, kənd sakinlərinin istifadəsinə verilib.
Kənd sakinləri Şəmkir rayonunda belə bir təşəbbüs irəli çəkdiyi üçün rayon rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.
Şəmkir Rayon İcra Hakimiyyəti olaraq bütün Dəllər Cəyir sakinlərini belə gözəl addıma görə təşəkkür edir, xatirəsi əbədiləşdirilən mərhumlara allahdan rəhmət diləyirik!