Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirin taxıl sahələrindən 50 min tona yaxın məhsul yığılması gözlənilir

03 iyun 2019 | 16:00

Şəmkirli fermerlər taxıl biçininə hazırlaşır. Biçin kampaniyasını mütəşəkkil başa çatdırmaq, habelə məhsul istehsalçılarına kömək göstərmək məqsədilə rayonda bütün zəruri işlər həyata keçirilib.

Ötən ilin payızında cari ilin məhsulu üçün rayonda 14 min 67 hektar sahədə taxıl əkilib. Bunun da 8 min 756 hektarı arpa, 5 min 311 hektarı buğda sahəsidir.

Ötən il taxıl sahələrindən yüksək məhsul götürən fermerlər cari ildə bu nəticəni daha da artırmaq üçün sahələrə aqrotexniki qaydada qulluq göstərib, bitkiyə vaxtında mineral və üzvi gübrələr verib, ziyanvericilərə qarşı qabaqlayıcı tədbirlər görüblər.

Artıq fermerlər rayonda taxıl yığımına start verilməsi üçün hazırlıq işlərini yekunlaşdırmaq üzrədirlər. Taxıl sahələrində biçini həyata keçirmək üçün 30-a yaxın kombayn hazır vəziyyətə gətirilib. Eyni zamanda məhsulun daşınması üçün maşın mexanizm və küləş presləyən hazırlanıb.

Mütəxəssislərin dediyinə görə, bu il rayonda təxminən 50 min tona yaxın taxıl istehsalı gözlənilir.

Məhsulun yığılması, daşınması və saxlanması dövründə yanğın hadisələrinin baş verməməsi üçün də təsərrüfatlarda lazımi təhlükəsizlik tədbirləri görülüb, maarifləndirmə işləri aparılıb, təsərrüfat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Sahələrdən məhsulun optimal müddətdə və itkisiz yığılması üçün rayon İcra Hakimiyyətində operativ qərargah yaradılıb. Xidmət təşkilatları, əlaqədar müəssisə rəhbərlərinin də daxil olduğu qərargahda qarşıya çıxan bütün suallara aydınlıq gətirilir, qaldırılan məsələlər yerindəcə həll olunur.

Keçidlər