"BAYRAMIN MÜBARƏK ŞƏHİDİM!"
28 May Respublika günündə Şəmkir rayonunda daha bir şəhidin xatirəsi ehtiramla anılıb.
Belə ki, rayonun Abbaslı kəndində şəhid Ələmdar Bayram oğlu Ələkbərovun adının daşıyan məktəbin həyətində şəhidin büstünün açılış mərasimi keçirilib.
Əvvəlcə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, İcra Hakimiyyətinin əməkdaşları, açılışa toplaşan şəhidin yaxınları və kənd sakinləri Ələmdar Ələkbərovun büstünün önünə tər çiçək dəstələri qoyaraq ruhuna dualar oxuyublar.
Tədbirdə çıxış edən icra başçısı Respublika Prezidenti İlham Əliyev tərəfindən şəhidlərimizə və şəhid ailələrinə göstərilən hörmət və ehtiramdan danışıb. Bu gün Azərbaycan xalqı müstəqil və suveren bir dövlətdə yaşayırsa, bu, şəhidlərimizin göstərdikləri qəhrəmanlıqlar sayəsindədir. Ona görə də hər bir azərbaycanlı şəhidlərin adını daim uca tutmalı, onların ailə üzvlərinə, doğmalarına hörmətlə yanaşmalıdır. Bu, hər bir insanın vətəndaşlıq borcu olmalıdır.
Alimpaşa Məmmədov sonda Ələmdar Ələkbərovun yaxınlarının timsalında bütün şəhid ailələrinə səslənib: “Əmin olun ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan torpaqlarımızın azad ediləcəyi və şəhidlərimizin qisasının alınacağı günün elə də uzaqda deyil. Bayramın mübarək, şəhidim!”.
Şəhid ailələrinin üzvləri də Vətən uğrunda canlarını qurban vermiş qəhrəman oğulların xatirəsinə göstərilən diqqət və sayğıya görə dövlət başçısına öz minnətdarlıqlarını ifadə edərək razılıqlarını bildiriblər.