"VƏTƏNİNİ UCA TUTANI VƏTƏN DƏ UCA TUTAR" - ALİMPAŞA MƏMMƏDOV
Şəmkir rayonunda Azərbaycan respublikasının azadlığı, vətənimizin bütövlüyü naminə canlarından keçən igidlərimiz daima diqqət mərkəzindədirlər. Rayonda şəhidlər həmişə müqəddəs tutulur. Şəhidlərimiz anılır, şəhid ailələrinə qayğı və diqqət göstərilir.
28 May Respublika Günü Şəmkirin Qapanlı kəndindən olan Qarabağ şəhidlərinin xatirələrini əbədiləşdirmək üçün yeni inşa edilmiş abidə kompleksinin açılışı olub.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, hərbiçilər, açılışa toplaşan şəhid valideynləri, rayonun xidmət təşkilatlarının rəhbərləri, kənd sakinləri şəhid Verdiyev Haqverdi Camal oğlu, Hüseynov Səhman Musa oğlu, Səmədov Zaur Məzahir oğlu, Muradov Məhəmməd Şaban oğlu və Əliyev Əbülfət Afdandil oğlunun abidə kompleksinin önünə tər çiçək dəstələri qoyaraq onların ruhuna dualar oxuyublar.
Abidə kompleksinin qarşısındaca şəhid ailələrinin üzvləri ilə görüşən icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov əvvəlcə şəmkirliləri Azərbaycanın milli bayramı–28 May Respublika Günü günü münasibətilə təbrik edib.
İcra başçısı bildirib ki, Vətənini uca tutanı Vətən də uca tutar. Ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş oğulları unutmağa haqqımız yoxdur. Onların müqəddəs əməllərini layiqincə qiymətləndirmək və bunu gələcək nəsillərə çatdırmaq bizim ümdə vəzifəmizdir. Bu, bizim dövlətin bu gün həyata keçirdiyi vətənpərvərlik siyasətinin prioritet istiqamətlərindəndir. Ulu öndər Heydər Əliyevin ölkəyə rəhbərliyi dövründə də belə olub, bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətində də istiqamət belədir.
Şəhid ailələrinin üzvləri də Vətən uğrunda canlarını qurban vermiş qəhrəman oğulların xatirəsinə göstərilən diqqət və sayğıya görə dövlət başçısına öz minnətdarlıqlarını ifadə edərək razılıqlarını bildiriblər.