Əhalinin kütləvi pulsuz tibbi müayinəsi xalqın sağlamlığına göstərilən qayğının təzahürüdür- Pulsuz tibbi müayinə başa çatdı
Cənab Prezident İlham Əliyevin tapşırığına əsasən respublikamızın hər yerində olduğu kimi, Şəmkir rayonunda da əhalinin kütləvi dispanserizasiyası zamanı vətəndaşlar yüksək fəallıq göstərdilər.
Humanitar aksiyada kənd, qəsəbə və kollektivlərdə aktivliyi təmin etmək üçün kütləvi izahat, təbliğat-təşviqat işləri aparılıb.
Rayon mərkəzi xəstəxanasının poliklinika şöbəsi, qəsəbə, kənd sahə tibb məntəqələri müayinələrin mütəşəkkil keçirilməsi üçün müasir avadanlıqlarla təchiz olunub.
Qrafikə əsasən, fevralın 12-dən indiyədək 146 min 794 nəfər rayon sakini müayinə olunub. Müayinələri əsasən, terapevt, oftalmoloq, nevropatoloq, stomatoloq, kardioloq və digər tibb mütəxəssisləri aparırlar. Vətəndaşlar ehtiyac olduqda kardioqram, ultrasəs, rentgen, laborator müayinələrdən də keçirilir.
Müayinələr zamanı xəstəlik aşkar olunan sakinlərdən 8 min 174 nəfəri ambulator, 741 nəfər stasionar müayinəyə cəlb olunub, 48 nəfər üzərində cərrahiyə əməliyyatı aparılıb. 215 nəfər isə Bakı şəhərindəki ixtisaslaşdırılmış tibb məntəqələrinə göndərilib.
Prezident İlham Əliyevin hər bir Azərbaycan vətəndaşının sağlamlığına qayğıkeş münasibəti sakinlər tərəfindən razılıqla qarşılanıb və hər müayinədən keçən nhər kəs Cənab Prezidentə təşəkkürlərünü bildirib.
Qeyd edək ki, əhalinin kütləvi pulsuz tibbi müayinəsinin yüksək səviyyədə keçirilməsi üçün Konsultativ Poliklinika şöbəsilə yanaşı, 32 həkim məntəqəsi, 4 kənd və 3 qəsəbə xəstəxanası aksiyaya cəlb olunub.
Dövlətimizin başçısının Azərbaycanın hər vətəndaşının sağlamlığına diqqəti və qayğıkeş münasibəti sakinlər tərəfindən minnətdarlıqla qarşılanıb.
Şəmkir rayon sakini Araz Qələndərov vətəndaşların sağlamlığının etibarlı şəkildə qorunması məqsədilə respublikamızda hər il keçirilən bu humanist aksiyanı yüksək qiymətləndirib: “Dövlətimizin başçısına sağlamlığımızın qayğısına qaldığı üçün minnətdarlığımı bildirirəm”.
Çaparlı kənd sakini Qurban Məmmədov isə tibbi müayinələrin təşkilindən, həkim heyətindən, yaradılan şəraitdən razılıq edib: “Burada yaradılmış şəraitdən, həkimlərin səmimi, qayğıkeş münasibətindən razı qaldıq. Aparılan müayinələr bizə sağlamlığımız barədə məlumatlı olmağımıza kömək edir. Sadə vətəndaşlar üçün yaradılan bu imkanlara görə dövlətimizin başçısına minnətdaram”