BU İL DƏ ŞƏMKİRDƏ BARAMA İSTEHSALINDA YÜKSƏK MƏHSULDARLIQ ƏLDƏ EDİLƏCƏK
Şəmkir rayonunda baramaçılığın inkişafı istiqamətində məqsədyönlü tədbirlərin görülməsi üçün rayon İcra Hakimiyyəti başçısının sədirliyi ilə yığıncaq keçirilib.
İclasda Kənd Təsərrüfatı Nazirliyinin Şəmkir rayon şöbəsinin nümayəndələri, rayonun ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və qabaqcıl kümçülər iştirak edib.
Yığıncaq iştirakçıları əvvəlcə barama istehsalı ilə bağlı marifləndirici film izləyiblər.
Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov yığıncaqda çıxış edərək, Prezident İlham Əliyevin ölkəmizdə baramaçılığın inkişafı istiqamətində gördüyü işlərdən irəli gələn vəzifələrdən bəhs edib, bu sahədə rayonda görülən işlərdən və qarşıda duran məsələlərdən danışıb. Bildirib ki, ölkə başçısının göstərişi ilə ənənəvi təsərrüfat sahələrindən olan baramaçılığın uzun fasilədən sonra bərpa edilməsi şəmkirlilər tərəfindən də böyük sevinclə qarşılanıb.
Baramaçılığın tarixi köklərinə görə bir mədəniyyət olduğunu bildirən Alimpaşa Məmmədov 2018-cı ildə şəmkirli kümçülərin bu sahədə yüksək məhsuldarlıq əldə etməsindən danışıb: “Cari ildə də rayon kümçüləri tərəfindən çox keyfiyyətli barama istehsal olunacaq”.
İcra başçısı vurğulayıb ki, rayonda baramaçılığın inkişafı nəticəsində əhalinin məşğulluğu təmin edilib, insanlar mövsümü işə cəlb edilib.
Alimpaşa Məmmədov qeyd edib ki, bu ildə rayonda barama istehsalının artırılması üçün tədbirlər görülüb. Qeyd edilib ki, 2019-ci il üçün rayonda ipəkqurdu saxlayacaq kümçülər müəyyənləşdirilib. Onlarla yerlərdə görüşlər olacaq, mövcud olan çəkil ağaclarına baxış keçiriləcək.
Tədbirdə çıxış edənlər baramaçılığın inkişafı istiqamətində görülən işlər və qarşıda duran vəzifələrdən danışıb, təkliflər irəli sürüblər. Vurğulanıb ki, şəmkirlilər rayonda ənənəvi təsərrüfat sahələrindən olan baramaçılığın inkişaf etdirilməsi, məhsuldarlığın artırılması üçün bütün qüvvələrini səfərbər edəcəklər.