Şriftin ölçüsü :

Saytın rəngi :

Möhtəşəm "ShamkirChess 2019" superturnirinin bağlanış mərasimi keçirilib

09 aprel 2019 | 16:00

Azərbaycanın tanınmış şahmatçısı, qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2019” superturnirinə yekun vurulub.

Şəmkir Heydər Əliyev Mərkəzində keçirilən bağlanış mərasimində, ilk olaraq Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov çıxış edərək, yarış iştirakçılarına təşəkkür edib. Şəmkir turnirinin dünya mediasının diqqətində olduğunu deyən A. Məmmədov Vüqar Həşimov Memorialının şahmat xəritəsində özünəməxsus yer tutduğunu vurğulayıb.

Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov çıxış edərək, Azərbaycanda idmana, xüsusilə də şahmata göstərilən qayğıdan danışıb. Nazir müavini Vüqar Həşimov Memorialının ölkədə şahmatın təbliğatında böyük rolunu qeyd edib, qalib şahmatçını təbrik edib. Sonra Vüqar Həşimovun qardaşı, "Microsoft" Azərbaycan nümayəndələyinin rəhbəri Sərxan Həşimov Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə təşəkkür edib. S.Həşimov 2014-cü ildən etibarən Vüqar Həşimovun xatirəsinə turnirin təşkilinin dövlət başçısının ölkədə şahmata olan qayğısı kimi qiymətləndirib.

FIDE və Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti, "ShamkirChess2019" turnirinin Təşkilat Komitəsinin rəhbəri Mahir Məmmədov çıxışında yarışın maraqlı partiyalarla zəngin olduğunu qeyd edib. 33% oyunlarda qalib və məğlub tərəfin olduğunu söyləyən M.Məmmədov Təşkilat Komitəsinin yarışı Vüqar Həşimovun adına layiq şəkildə keçirməyə çalışdığını bildirib.

Ənənəvi olaraq Vüqar Həşimov Akademiyasının təsis etdiyi "Ədalətli oyun" mükafatının sahibi elan olunub. Turnir zamanı bütün mətbuat konfranslarında iştirak edən, imza və şəkil çəkdirməklə bağlı heç kimə rədd cavabı verməyən, rəqiblərə hörmətlə yanaşan dünya çempionu Maqnus Karlsen təltif olunub. Daha bir mükafat turnirin baş hakimi, AŞF-nin vitse-prezidenti Faiq Həsənova verilib. F.Həsənov Vüqar Həşimov Memorialının keçirilməsində göstərdiyi xidmətlərə görə fərqlənib. Hər iki mükafatı Vüqar Həşimovun qardaşı Sərxan Həşimov təqdim edib.

Sonda yarışın baş hakimi Faiq Həsənov turnirin nəticələrinə açıqlayıb. Yekun nəticəyə görə, Maqnus Karlsen 7, Dinq Liren və Sergey Karyakin 5, Aleksandr Qrişuk, Vişvanatan Anand və Teymur Rəcəbov 4,5, David Navara, Veselin Topalov 4, Şəhriyar Məmmədyarov 3,5, Aniş Giri isə 3 xal toplayıblar.

"ShamkirChess2019" Təşkilat Komitəsinin rəhbəri Mahir Məmmədov yarışda birinci yeri tutan Maqnus Karlsenə qalib üçün hazırlanan kuboku təqdim edib. Xatırladaq ki, norveçli dünya çempionu 2014-cü, 2015-ci və 2018-ci illərdə də turnirin qalibi olub. 2016-cı və 2017-ci illərdə isə Şəhriyar Məmmədyarov çempion adını qazanıb.

Tədbirdə nümayiş etdirilən "Çayçı" rəqsi böyük marağa səbəb olub. Rəqsin sonunda rəqqas armudu stəkanda Azərbaycan çayını dadmaq üçün Rusiya təmsilçisi, Dünya Kubokunun qalibi Sergey Karyakinə təqdim edib.

Azərbaycan Respublikasının xalq artisti, Beynəlxalq müsabiqələr laureatı Samir Cəfərovun "Azərbaycan" mahnısını üç dildə ifası gur alqışlarla müşaiyət olunub.

Vüqar Həşimovun xatirəsinə həsr olunan "ShamkirChess2019" superturniri bağlı elan olunub.

Keçidlər