UCUZ QİYMƏT, YÜKSƏK KEYFİYYƏT, PULSUZ NƏQLİYYAT - ŞƏMKİRDƏ NOVRUZ YARMARKASI
UCUZ QİYMƏT, YÜKSƏK KEYFİYYƏT, PULSUZ NƏQLİYYAT - ŞƏMKİRDƏ NOVRUZ YARMARKASI
Martın 16-da Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov Novruz bayramı ərəfəsində əhalinin kənd təsərrüfatı məhsullarına təlabatının artması ilə bağlı “Şəmkir Səbəti” Ticarət Mərkəzində təşkil olunan kənd təsərrüfatı məhsullarının satış yarmarkasına baxış keçirib.
Satışa çıxarılan ərzaq və kənd təsərrüfatı məhsullarının qiyməti və keyfiyyəti, satıcılar və alıcılar üçün yaradılmış şəraitlə tanış olub, sakinlərin rəy və təklifləri ilə maraqlanıb.
Yarmarkaya əsasən, rayonun kəndlərindən kartof, soğan, meyvə, tərəvəz, ağartı, ət məhsulları və s. gətirilir.
Qeyd edək ki, yarmarkada satışa çıxarılan məhsulların qiymətləri bazardakı qiymətlərdən nəzərə çarpacaq qədər aşağıdır. Bütün məhsulların sanitar-gigiyenik vəziyyəti Kənd Təsərrüfatı Nazirliyi yayında Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən diqqətlə yoxlanılır.
Yarmarkada nümunəvi səliqə-sahman, fermerlərə və digər torpaq mülkiyyətçilərinə, eyni zamanda, buraya bazarlıq etməyə gələn sakinlərə əlverişli şəraitin yaradılmasına diqqətlə yanaşılır. Yarmarkanın yüksək səviyyədə keçirilməsi üçün bütün şərait yaradılıb. Əhalinin rahat bazarlıq etməsi üçün rayon mərkəzindən pulsuz avtobuslar fəaliyyət göstərir. Eyni zamanda Novruz yarmarkasında bayram əhvali-ruhiyyəsi yaratmaq üçün yerli musiqiçilər tərəfindən konsert proqramı təşkil edilib.
Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov müvafiq şəxslərə yarmarka ərazisinin təmiz saxlanılması, qiymətlərin göstərilməsinə nəzarətin həyata keçirilməsi, maşınların yarmarka ərazisində maneçilik törətməməsi üçün müvafiq tədbirlərin görülməsi və digər məsələlərlə bağlı tövsiyyə və tapşırıqlar verib.
Söhbət zamanı satıcılar onlara yaradılan şəraitə görə razılıqlarını bildiriblər. Sakinləri həmçinin, yarmarkadakı ərzaq məhsullarının qiymətlərinin onları qane etdiyini vurğulayıb, bu qayğıya və belə bir imkanın yaradıldığına görə dövlət başçısı cənab İlham Əliyevə minnətdarlıq ifadə ediblər.
Məlumat üçün bildirik ki, Novruz bayramı ilə əlaqədar əhalinin kənd təsərrüfatı və ərzaq məhsullarına artan tələbatının daha dolğun ödənilməsi və istehlakçıların seçim imkanlarının artırılması, süni qiymət artımının, möhtəkirliyin qarşısının alınması məqsədi ilə martın 16-dan 20-dək fasiləsiz olaraq yarmarka keçiriləcək.