ŞƏMKİR SAKİNLƏRİNƏ NOVRUZ MÜJDƏSİ: BAYRAM YARMARKASI TƏŞKİL EDİLƏCƏK
Xəbər verdiyimiz kimi, mart ayının 16-dan 20-nə kimi “Şəmkir Səbəti” Ticarət Mərkəzində geniş Novruz bayramı yarmarkası təşkil ediləcək.
Bu gün Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov yarmarkanın keçiriləcəyi əraziyə baş çəkib.
Yerli sahibkarlar, fermerlər və yarmarkaya məhsul çıxaracaq istehsalçılarla görüşən icra başçısı bildirib ki, Prezident Cənab İlham Əliyevin tapşırıqlarına əsasən ölkəmizin hər yerində olduğu kimi Şəmkirdə də təşkil ediləcək Novruz bayramı yarmarkasının keçirilməsində məqsəd əhalinin kənd təsərrüfatı və ərzaq məhsullarına tələbatının dolğun ödənilməsi, alıcıların seçim imkanlarının artırılması, eyni zamanda süni qiymət artımının qarşısının alınmasıdır.
Alimpaşa Məmmədov bildirib ki, yarmarkada vətəndaşlarımız ekoloji təmiz, təbii və keyfiyyətli kənd təsərrüfatı məhsullarını əldə edə biləcəklər.
İcra başçısı yarmarkada süni qiymət artımının qarşısının alınması və qiymətlərin tənzimlənməsi , satışa çıxarılan məhsulların satış qiymətinə gün ərzində nəzarət olunması üçün müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verib.
Qeyd edək ki, Şəmkir və ətraf rayonların sakinləri yarmarkada bütün növ yerli kənd təsərrüfatı məhsullarının satışının təşkil ediləcəyi yarmarkada meyvə-tərəvəz, müxtəlif çərəzlər, qablaşdırılmış məhsullar, ət və süd məhsulları, bal və s. ala biləcəklər. Eyni zamanda yarmarkanın keçiriləcəyi əraziyə Şəmkir şəhərinin mərkəzindən pulsuz nəqliyyat vasitələri xidmət göstərəcək.