Şəmkirdə Mülki Müdafiə günü qeyd olundu
1 mart - Ümumdünya Mülki Müdafiə Günü" münasibəti ilə Şəmkir rayon Kür qəsəbə 2 saylı tam orta məktəbdə və Mərkəzi Rayon Xəstəxanasında tədbir keçirilib.
Qərbinfo.az xəbər verir ki, tədbirdə Şəmkir Rayon İcra Hakimiyyətinin əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin məsul işçiləri, Rayon Polis Şöbəsinin əməkdaşları və Qızıl Aypara Cəmiyyətinin Şəmkir rayon şöbəsinin əməkdaşları iştirak ediblər.
Rayon İcra Hakimiyyətinin əməkdaşı Pərviz ibrahimov qonaqları salamlayaraq tədbirin məqsədi barədə məlumat verib. Bildirib ki, əsas məqsəd əhalinin və şagirdlərin diqqətini fövqəladə hallar zamanı davranış qaydalarının mənimsənilməsinə yönəltmək, fərdi mühafizə vasitələrindən istifadə, kollektiv mühafizə qurğularında daldalanmaq qaydalarını nəzəri və əməli cəhətdən öyrətməkdir.
Çıxışlarda əhalinin mülki müdafiə sahəsində biliklərini daim diqqət mərkəzində saxlamaq, xüsusilə də müəllim kollektivinin mülki müdafiə işinin təşkilini, onun məramını, eləcə də fövqəladə hallar zamanı davranış qaydalarını bilmələri və bu bilikləri mütəmadi olaraq şagirdlərə aşılamalarının vacibliyi ön plana çəkilib.
Daha sonra şərti xəbərdarlıq siqnalı ilə məktəbdə həyəcanı elan edilib. Şagirdlər tərəfindən dərs gedişində baş verən fövqəladə hallar zamanı təhlükəli zonadan təxliyyə olunma qaydaları, yaralanmış şəxslərə ilk tibbi yardımın göstərilməsi üsulları nümayiş olunub.
Şəmkir rayon Mərkəzi Xəstəxanasında da keçirilən tədbirdə çıxışçılar qeyd ediblər ki, Ümumdünya Mülki Müdafiə Təşkilatı 1972-ci il martın 1-dən fəaliyyət göstərir. Azərbaycan Respublikası bu beynəlxalq təşkilatda 1993-cü ildən təmsil olunur. Mülki müdafiə mövzusunda beynəlxalq seminarlar, konfranslar, toplantılar keçirilir, mülki müdafiənin qüvvə və texnikalarının sərgisi təşkil olunur.