ŞƏMKİRDƏ ÖTƏN İLİN NƏTİCƏLƏRİ MÜZAKİRƏ OLUNUB
Bu gün Şəmkir rayonunda 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr müzakirə olunub.
Tədbirdə Prezident Administrasiyasının məsul əməkdaşı Orxan Mürsəlov, Orxan Mürsəlov, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, Milli Məclisin deputatları Sahibə Qafarova, Sona Əliyeva, Kamran Bayramov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri, media və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Yığıncaqda Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov hesabat məruzəsi ilə çıxış edib.
Məruzədə qeyd olunub ki, ölkəmizin sosial-iqtisadi həyatında olduğu kimi, Şəmkir rayonunda da 2018-ci ilin doqquz ayında iqtisadiyyatın əsasını təşkil edən kənd təsərrüfatı, sənaye, tikinti, eləcə də nəqliyyat, rabitə, ticarət və xidmət sahələrində müsbət nəticələr qazanılıb.
Vurğulanıb ki, ötən il rayon iqtisadiyyatına investisiya qoyuluşunun həcminin artırılması ilə bağlı tədbirlər davam etdirilmişdir.
Sahibkarlar tərəfindən ümumi dəyəri 108 milyon 601 min manat olan 254 layihə üzrə kənd təsərrüfatı məhsulları istehsalı və satışı, tikinti, ticarət və digər sahələrə 53 milyon 131 min manat investisiya qoyuluşu həyata keçirilmişdir.
İl ərzində ən çox investisiya qoyuluşu rayonun Dəllər qəsəbəsi (542,5 min manat), Təzəkənd (3,5 milyon manat), Zəyəm Cırdaxan (3.0 milyon manat), Düzqışlaq (2,2 milyon manat), Aşaği Seyfəli (2 milyon 110 min manat), Qılıncbəyli (730 min manat), Dəllər Cəyir (340 min manat), Qaracəmirli (300 min manat), Yeni Həyat (286 min manat), Düyərli (285 min manat) kəndlərinin ərazisində qoyulmuşdur.
2018-ci ildə Şəmkir rayonunda ümumi sahəsi 40 min 432 kvadrat metr, ümumi dəyəri 17 milyon 118 min manat olan 317 fərdi yaşayış evi tikilmişdir.
Ən çox fərdi yaşayış evləri Şəmkir şəhərində, Dəllər və Kür qəsəbələrində, Zəyəm Cırdaxan, Xuluf, Aşağı Seyfəli, Düyərli, Düzqışlaq Sabirkənd və Tatarlı kəndlərində tikilmişdir.
Ötən il ərzində görülən işlərin müzakirəsi zamanı qeyd olunub ki, Şəmkirdə son dövürlərdə təkcə rayon mərkəzində deyil, kənd və qəsəbələrdə də abadlıq işləri aparılır.
Rayonun kənd və qəsəbələrində məktəb, uşaq bağçası və xəstəxanaların təmir və tikintisinin davam etdirildiyi diqqətə çatdırılıb.
Rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun məruzəsində, eləcə də çıxışlarda iqtisadiyyatın ayrı-ayrı sahələrində görülən işlərdən, o cümlədən ixracyönümlü məhsullardan hesab olunan baramaçılığın inkişafına göstərilən dövlət qayğısından, qazanılan uğurlardan ətraflı danışılıb.
İclasda rayon xidmət təşkilatlarının hesabatları dinlənərək, qarşıda duran məsələlər və problemlərin həlli yolları müzakirə edilib.
Hesabat yığıncağında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Orxan Mürsəlov, Milli Məclisin deputatları Sahibə Qafarova, Sona Əliyeva və Kamran Bayramov çıxış edərək 2018-ci il ərzində Şəmkir rayonunda görülmüş işləri müsbət qiymətləndiriblər.
Hesabat yığıncağının sonunda qərar layihəsi qəbul olunub, toplantı iştirakçıları adından ölkə Prezidenti cənab İlham Əliyevə müraciət qəbul edilib.