Şəmkir şəhər 8 nömrəli körpələr evi-uşaq bağçası üçün yeni inşa olunan bina istifadəyə verilib.
Bu gün Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov və Milli Məclisin deputatı Sahibə Qafarova yenidən qurulan 100 yerlik Şəmkir şəhər 8 saylı körpələr evi-uşaq bağçasının açılışında iştirak edərək yaradılan şəraitlə tanış olublar.
Tədbirdə çıxış edən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov yeni bağçanın açılışı münasibətilə şəhər sakinlərini təbrik edərək bildirib ki, burada uşaqların təlim və tərbiyəsi ilə məşğul olmaq üçün hər cür şərait yaradılıb.
İcra başçısı qeyd edib ki, bu gün ölkə Prezidenti Cənab İlham Əliyevin və Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın uşaqlara xüsusi diqqət göstərməsi ulu öndər Heydər Əliyev siyasətinin uğurlu davamı və məntiqi nəticəsidir.
Milli Məclisin deputatı Sahibə Qafarova isə çıxışında bildirib ki, uşaqların keyfiyyətli təhsil alması və hərtərəfli qayğı ilə əhatə olunması, onlar üçün zəruri şəraitin yaradılması, böyüməkdə olan nəslin layiqli vətəndaş kimi formalaşması Azərbaycanda dövlət uşaq siyasətinin başlıca prinsiplərindəndir. Ölkəmizin hər yerində körpələr evləri, uşaq bağçaları, internat və orta məktəblər tikilir və əsaslı şəkildə yenidən qurulur. Şəmkirdə bu gün açılışı olan körpələr evi-uşaq bağçası bu sahəyə dövlətin diqqət və qayğısının bariz nümunəsidir.
Tədbirdə çıxış edənlər digər natiqlər də ölkə rəhbərinə regionlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Əsaslı təmir olunan, müasir tələblərə cavab verən bu binada uşaqların təlim-tərbiyəsi, ilk yaşlarından intellektual, fiziki və əqli inkişafı, istedad və qabiliyyətlərinin üzə çıxarılması, sağlamlıqlarının qorunması üçün hər cür şərait yaradılıb, otaqlar bütün zəruri ləvazimat və təlim avadanlıqları ilə təchiz olunub.
Sonda RİH-nin başçısı Alimpaşa Məmmədov, Milli Məclisin deputatı Sahibə Qafarova və qonaqlar uşaqlar üçün yaradılmış şəraitlə tanış olublar.
Qeyd edək ki son dörd il ərzində Şəmkir rayonunda 10-dan çox körpələr evi-uşaq bağçası əsaslı təmir və yenidən tikilərək körpələrin istifadəsinə verilib.