Bu gün Şəmkir Heydər Əliyev Mərkəzində “Süni balıqartırma göllərinin yaradılması” ilə bağlı sahibkarlarla görüş keçirilib.
Görüşdə Şəmkir Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qüdrət Əliyev, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin sədri Xalqverdi Hüseynov, İcra Hakimiyyəti və nazirliyin məsul əməkdaşları və yerli sahibkarlar iştirak ediblər.
Şəmkirlə yanaşı, Qazax, Ağstafa, Tovuz sahibkarlarının da iştirak etdiyi görüşdə sahibkarlara nohurlarda balıq yetişdirilməsinin inkişaf perspektivləri, daha yüksək məhsuldarlığın əldə olunması üsulları və keyfiyyətli yem təchizatının təmin olunması ilə bağlı məsləhətlər verilib, sahibkarların problemləri dinlənilib və həlli yolları müzakirə edilərək onlara müvafiq tövsiyələr verilib.
Görüşdə nohur balıqçılığı təsərrüfatlarının qeydiyyata alınması proseduru ilə bağlı sahibkarlar təlimatlandırılıb, yarana biləcək sualların cavablandırılması üçün ETSN-nin müvafiq qurumlarına müraciət etmələri onların diqqətinə çatdırılıb.