ŞƏMKİR ŞƏHƏR BƏLƏDİYYƏSİ 2019-CU İLDƏ ŞƏHƏRİN BÜTÜN KÜÇƏLƏRİNDƏ TƏMİR-BƏRPA İŞLƏRİ APARACAQ
Bu gün Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Şəmkir şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr edilmiş hesabat yığıncağı keçirilib.
Yığıncaqda Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, rayon İcra hakimiyyətinin məsul işçiləri, şəhərdə fəaliyyət göstərən xidmət sahələrinin rəhbərləri və adiyyatı orqanlar iştirak ediblər.
Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Şəmkir şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Quliyev Elşən Sabir oğlu hesabat məruzəsi ilə çıxış edərək bildirib ki, hər il olduğu kimi 2018-ci ildə də ölkə başçısının rəhbərliyi ilə hazırlanmış müvafiq Dövlət Proqramlarının uğurlu icrası və rayon İcra hakimiyyətinin daxili imkanları hesabına Şəmkir şəhərində bir sıra işlər görülmüşdür.
Elşən Quliyev qeyd edib ki, 2018-ci il ərzində Şəmkir şəhər ərazisində 194 ədəd evin tikintisinə başlanılmış, onlardan ümumi sahəsi 5472 kv metr olan 57 ədəd fərdi yaşayış evi tikilib istifadəyə verilmişdir. 137 ədəd evlərin tikinti işləri davam etdirilir.
Hesabat ili ərzində Şəmkir rayonunda yaradılmış münbit şərait nəticəsində il ərzində sahibkarlar tərəfindən 20 iri həcmli obyektlərin tikintisinə başlanılmış onlardan ümumi investisiya dəyəri 9 milyon 748 min manat olan 6 obyekt hazırlanaraq istifadəyə verilmiş və həmin obyektlərdə 41 nəfər işçi işlə təmin olunmuşdur. Bundan əlavə 5 sahibkar tərəfindən özlərinə məxsus istilikxanalara 10.5 ha əlavə edərək ümumi dəyəri 8 milyon 220 min manat investisiya qoyulmuşdur.
Hesabat iclasında çıxış edən Şəmkir Bələdiyyəsinin sədri Həsənov Vüqar Zirəddin oğlu isə 2018-ci ildə Şəmkir şəhərində icra nümayəndəliyi və bələdiyyənin birgə təşkilatçılığı ilə 6870 kvadratmetr yola asfalt örtüyü salınmış, şəhərin X. Natəvan küçəsində, Posanlı yaşayış massivində 3 kilometr yolda təmir bərpa işləri aparılmışdır.
Eyni zamanda xaricdə fəaliyyət göstərən iş adamlarının dəstəyi ilə Morul tam orta məktəbində dəyəri 10 min manat olan istilik sistemi quraşdırılmışdır.
Vuqar Həsənov bildirib ki, 2019-cu ildə Şəmkir bələdiyyəsi tərəfindən şəhərin bütün təmirə ehtiyac olan bütün küçələrində yenidənqurma və bərpa işləri aparılacaq, qum-çınqıl döşəniləcək. Həmçinin bələdiyyə tərəfindən sahibsiz itlərin toplanaraq təyin olunmuş yerdə saxlanılması üçün ciddi tədbirlər görüləcək.
Hesabat iclasında çıxış edən Şəmkir şəhər Ağsaqqallar Şurasının sədri Məmmədov Bilal Əhməd oğlu da rayonda görülən işləri sakinlərin yüksək qiymətləndirdiyini bildirib və bütün şəmkirlilər adından rayon rəhbərinə təşəkkürünü çatdırıb.
Şəmkir rayon İcra Hakimiyyətinin Başçısı Alimpaşa Məmmədovisə çıxışında əsası Ulu Öndər tərəfindən qoyulan və bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən bütün istiqamətlərdə həyata keçirilən siyasi ,iqtisadi ,sosial yüksəliş strategiyasıdan danışdı.