YENİ HƏYAT SAKİNLƏRİNİN İCRA BAŞÇISINDAN İSTƏYİ NƏ OLDU?
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin vətəndaşların qəbulu və müraciətlərinə baxılması işinin daha da yaxşılaşdırılması ilə bağlı qarşıya qoyduğu vəzifələrin icrası Şəmkir Rayon İcra Hakimiyyətinin gündəlik fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edir.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun rəhbər kimi təyin olunduğu ilk gündən rayonda vətəndaş amilini ön plana çəkməsi, rayon sakinlərinə xüsusi qayğı ilə yanaşması bunun bariz nümunəsidir.
Rayon rəhbərinin istər kəndlərdə keçirdiyi səyyar görüşlər, istərsə də vətəndaşları fərdi şəkildə qəbul etməsi, hətta, vətəndaşın müraciətinə əsasən yaşadığı ünvana getməsi bir amala xidmət edir ki, o da vətəndaş məmnunluğuna nail olmaqdır.
Alimpaşa Məmmədovun vətəndaşları əsasən İcra Hakimiyyətinin inzibati binası ilə yanaşı yerlərdə də fərdi şəkildə qəbul etməsi, onları narahat edən məsələləri dinləyib və həlli istiqamətində tapşırıqlar verməsi artıq bir ənənə halını alıb.
Hər zaman sakinlərin qayğı və problemləri ilə maraqlanan Şəmkir Rayon İcra Hakimiyyəti başçısı bu gün Yeni Həyat kəndinin 18 nəfər sakinini fərdi şəkildə qəbul edib.
Sakinlər tərəfindən səsləndirilən müraciətlər əsasən sosial yardım, mübahisəli torpaq məsələsi, internet problemi barədə olub.
Eyni zamanda bir qrup kənd sakini qəbula gələrək Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovdan Şəmkir-Yeni Həyat-Abbaslı-Nərimanlı avtomobil yolunun yenidən qurulması münasibəti ilə kənd sakinlərinin təşəkkürlərini Cənab Prezident İlham Əliyevə çatdırmasını xahiş ediblər.
Kəndin gəncləri isə icra başçısından Rusiya Federasiyasında fəaliyyət göstərən iş adamlarının maliyyə dəstəyi ilə Yeni Həyat kəndində ərsəyə gətirilən, kəndin yeniyetmələrinə təmənnasız xidmət göstərəcək ingilis dili, kompüter kursları üçün açılan obyektə xeyir-dua verməsini istəyiblər.