ŞƏMKİR GƏNCLƏR EVİ TÜRKİYƏDƏ GƏNCLİK DÜŞƏRGƏSİNDƏ İŞTİRAK EDİR
Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə Türkiyənin Antalya şəhərindəki Gənclik Düşərgəsində iştirak edən Azərbaycanın Şəmkir, Gəncə, Xəzər, Baləkən, Biləsuvar Gənclər Evlərinin direktorları 20 Yanvar faciəsinin 29-cu ildönümü münasibətilə təqdimat keçiriblər.
Tədbirdə Türkiyənin Gənclər və İdman Nazirliyinin nümayəndələri, düşərgələr üzrə təlimçilər, o cümlədən Türkiyənin müxtəlif universitetlərində təhsil alan və ayrı-ayrı ərazilərindən qoşulan 200 dən artıq gənc iştirak ediblər.
Tədbirin giriş hissəsində vətən torpaqları uğrunda canından keçən şəhidlərin ruhu bir dəqiqəlik sükutla anılıb.
Tədbirdə çıxış edən Azərbaycanlı gənclər ötən əsrin 80-ci illərinin sonlarından başlayaraq Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından irəli gələn proseslər, 20 Yanvar hadisəsinin acı nəticələri, bu faciənin dünya ictimaiyyətinin diqqətinə çatdırılması və ona siyasi-hüquqi qiymətin verilməsindən danışıblar. Bu faciənin Azərbaycan xalqının müstəqillik əzminin güclənməsinə təsirindən, ölkəmizin müstəqillik illərində keçdiyi yol və bugünkü reallıqlarından bəhs ediblər.
Çıxışlardan sonra 20 Yanvar hadisələrilə bağlı sənədli film nümayiş olunub.