İCRA BAŞÇISI YENİ SALINAN TUT BAĞLARINDA İŞİN GEDİŞATI İLƏ MARAQLANIB
Şəmkir rayonunda baramaçılığın yem bazasının möhkəmləndirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir.
Bu məqsədlə Çindən ölkəmizə gətirilən 1 milyon ədəd tut tingindən 20 mini Şəmkir rayonuna verilib.
Bölgü əsasında təsərrüfatlara, barama istehsalçılarına əvəzsiz olaraq paylanılan tinglərin əkini isə artıq başa çatmaq üzrədir.
Tut tinglərinin əkim prosesilə yaxından tanış olmaq üçün Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov bu gün rayonun Aşağı Seyfəli, Yuxarı Seyfəli, Abbaslı, Mehirli kəndlərində işin gedişatı ilə maraqlanıb.
İcra başçısına bildirilib ki, ümumilikdə bu kəndlərdə Çin texnologiyası əsasında 8 min ədəd ağac əkilib.
Sahələrin hazırlanması və əkin işləri mütəxəssislərin nəzarəti altında aparılıb.
Bundan əlavə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilən 26 min ədəd yerli tut tinginin əkilməsi də həyata keçirilib.
Məlumat verilib ki, ölkəmizdə baramaçılığın inkişafı şəmkirli kümçülərin, o cümlədən Seyfəi zonasında yerləşən kəndlilərin də bu sahəyə marağını artırıb. Ötən il əldə edilən yüksək məhsuldarlığın verdiyi bəhrə kümçüləri daha çox məhsul istehsal etməyə sövq edib.
Qeyd edək ki, baramaçılığın inkişaf etdirilməsi Şəmkir rayonunda prioritet məsələlərdən hesab olunur. Rayon üzrə 2018-ci ildə 12,691 ton barama istehsal olunub.
İpəkqurdunun yem bazasının bərpası məqsədilə 2016-2017-ci illərdə rayon ərazisində 80 min ədəd tut tingi əkilib.
Şəmkirdəki mövcud və yeni əkilən tut ağacları, əhalinin baramaçılıq sahəsindəki təcrübəsi, həmçinin bu sahənin gəlirli olması barama istehsalını artırmağa imkan verir.